Mariya Stadnik 5-ci dəfə Yay Olimpiya Oyunlarında yarışacaq

Mariya Stadnik 5-ci dəfə Yay Olimpiya Oyunlarında yarışacaq

Azərbaycanın 4-qat Olimpiya mükafatçısı Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Mediasport.az xəbər verir ki, dünya qadın güləşinin canlı əfsanəsi İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində karyerasında 5-ci dəfə dördilliyin zirvə yarışına vəsiqə əldə edib.

50 kq çəkidə çıxış edən idmançımız bürünc medal uğrunda bolqarıstanlı Miqlena Selişkaya tam üstünlüklə (10:0) qalib gəlib. O, lisenziya uğrunda görüşdə isə italiyalı Emanuela Liuzzi ilə qarşılaşıb və bu dueli də vaxtından əvvəl aktivinə yazıb – 10:0.

Mariya Azərbaycan güləşçilərinin "Paris-2024"ə lisenziya sayını 12-yə çatdırıb. Onadək sərbəst güləşdə 6, yunan-Roma güləşində 5 vəsiqə əldə olunub.

Qeyd edək ki, Stadnik 2012 (London) və 2016-cı (Rio-de-Janeyro) illərdə keçirilmiş olimpiadalarda gümüş medal, 2008 (Pekin) və 2020-ci (Tokyo) olimpiadalarında isə bürünc medal qazanıb.

Maraq üçün deyək ki, olimpiadalarda ən çox iştirak etmiş idmançı kanadalı Yan Millardır. O, 10 dəfə atçılıq yarışlarında çıxış edib.

14 idmançı 8 dəfə, 39 idmançı 7 dəfə, 153 idmançı isə 6 dəfə Olimpiya Oyunlarına qatılıb.