Yığmamız Hindistana uduzdu, Polşa ilə "sülh" bağladı - Dünya çempionatı
Azərbaycan şahmatçıları İsrailin Qüds şəhərində təşkil olunmuş rapid növü üzrə Dünya növbəti oyunlarını keçiriblər.
mediasport.az xəbər verir ki, ilk turda 2 qələbə qazanan Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığmamız bu dəfə bir qədər zəif təsir bağışlayıb.
Komandamız B qrupunun 3-cü turunda Hindistandan olan rəqiblərinə uduzub - 1,5:2,5, ardınca Polşa seçməsi ilə bərabərliyə razılaşıb - 2:2.
Şahmatçılarımız yarışın ilk günündə Özbəkistan (2,5:1,5) və ABŞ-dan (3:1) üstün olmuşdu. Azərbaycan millisi hazırda 5 xalla B qrupunun 2-ci pilləsində qərarlaşıb. Qruplarda ilk dörd yeri tutan komandalar 1/4 finala yüksələcəklər. Dünya çempionatı noyabrın 25-də başa çatacaq.