“Əziz Şuşa” beynəlxalq velosiped yarışına yekun vuruldu

“Əziz Şuşa” beynəlxalq velosiped yarışına yekun vuruldu

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışına yekun vurulub.

mediasport.az xəbər verir ki, iyunun 7-də start götürmüş yarışın sonuncu - beşinci mərhələsi keçirilib.

Beyləqan İcra Hakimiyyətinin qarşısından başlanan yekun mübarizə Şuşa şəhərinin girişində sona çatdırılıb.

132,2 km məsafə qət edən velosipedçilər arasında finişə hamıdan tez çatan növbəti dəfə italiyalı Emanuele Ansaloni olub. Rumıniya millisinin üzvü Kristian Raileanu ikinci yeri tutub, Ansaloninin komanda yoldaşı Martin Nessler isə mübarizəni üçüncü pillədə başa vurub.

Liderliyi qoruyan Ansaloni “Əziz Şuşa” turnirinin ümumi qalibi adına yiyələnərək, sarı formanı özündə saxlayıb.

Azərbaycan millisinin idmançısı Samir Cəbrayılov bu dəfə də ən yaxşı dağ velosipedçisi olmaqla, qırmızı formaya layiq görülüb. Komanda hesabında İtaliyanın "Team Technipes" klubu turniri birinciliklə yekunlaşdırıb.