Boksçularımızdan mükəmməl nəticə: 7 qızıl, 4 bürünc medal
Polşanın Keltse şəhərində boks üzrə keçirilən beynəlxalq turnirə yekun vurulub.
mediasport.az xəbər verir ki, yarışın sonuncu – final günündə Azərbaycan milli komandasının 7 boksçusu rinqə çıxıb.
Boksçularımızın hər biri həlledici döyüşü qələbə ilə başa vurub. Finalda Məsud Yusifzadə (51 kq) Yakub Slominskini (Polşa), Ümid Rüstəmov (57 kq) Patrik Adamusu (İrlandiya), Malik Həsənov (63,5 kq) Roman Samueli (Rumıniya), Nəbi İsgəndərov (67 kq) Pavel Suleçkini (Polşa), Murad Allahverdiyev (80 kq) Andrey Çiryasovu (Moldova), Alfonso Dominqes (86 kq) Klemens Şepanyakı (Polşa) və Məhəmməd Abdullayev (+92 kq) Radoslav Kavjakı (Polşa) məğlub edərək çempion tituluna yiyələnib.
Beləliklə, 16 ölkənin iştirakı ilə təşkil olunan yarışa 13 boksçu ilə yollanan millimiz turniri 7 qızıl və 4 bürünc medalla başa vurub. Yığmamız bu göstərici ilə kişilərin yarışında komanda hesabında birinci olub.
Millimizin aktivinə bürünc medalları isə Ruslan Qədirov (57 kq), Sərxan Əliyev (71 kq), Eldar Quliyev (86 kq) və Rauf Rəhimov (92 kq) yazdırıblar.