Federasiya rəsmisi: "İlk dəfə bizim idman növü beynəlxalq status alır"
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev Beynəlxalq Çövkən Federasiyasının I Baş Assambleyasının Bakıda keçirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Mediasport.az xəbər verir ki, federasiya rəsmisi bu tədbirin Azərbaycanın atçılıq idmanı üçün tarixi an olduğunu deyib:
"Azərbaycanın ən qədim oyunlarından biri olan çövkən beynəlxalq status alır. Rəhbər vəzifələrə, prezident və vitse-prezident postlarına seçkilər keçiriləcək. Burada dünyanın bütün qitələrini əhatə edən 19 ölkə iştirak edir. Onların hər birinin səsi önəmlidir. Bu, Azərbaycan üçün ilkdir. İlk dəfə bizim idman növü beynəlxalq status alır. Ümid edirəm ki, bütün tədbirlər uğurlu alınacaq və sabah bu federasiyanın yaranmasını açıqlayacağıq".