Güləşçilərimiz və gimnastika komandamız mübarizəyə başlayır - Daha bir qızıl medal qazana bilərik
Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir.
Mediasport.az xəbər verir ki, bu gün Azərbaycanın iki sərbəst güləşçisi və bədii gimnastika üzrə qrup hərəkətləri komandası, həmçinin boksçusu mübarizə aparacaq.
İlk olaraq saat 12:00-da gimnastlarımız qrup hərəkətlərini təqdim edəcəklər.
Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət milli halqalarla çıxışın ardından lentlə proqram göstərəcək.
13:30-da 2 sərbəst güləşçimiz üçün mübarizə başlayacaq. Turan Bayramov (74 kq) 1/8 finalda misirli Diaeldin Abdelmottaleb, Giorgi Meşvildişvili (125 kq) isə albaniyalı Çermen Valiyevlə qarşılaşacaq.
Gecə saatlarında boksçumuz Loren Alfonso Dominges (92 kq) qızıl medal döyüşünü keçirəcək. Kubalı legionerimiz həlledici dueldə Özbəkistan təmsilçisi Lazizbek Mullojonovla üz-üzə gələcək.
Görüş bu gecə, saat 00:34-də baş tutacaq.
Xatırladaq ki, Azərbaycanın 48 idmançı ilə təmsil olunduğu olimpiada avqustun 11-də başa çatacaq.
İndiyədək cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar.
Taekvondoçu Qaşım Maqomedov (58 kq) gümüş, yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) bürünc medal qazanıb.
Loren Alfonso Dominges (92 kq) isə finala çıxmaqla minimum gümüş medalı qarantiləyib.