Güləşçilərimizdən uğurlu başlanğıc, 3-ü finala çıxdı - Avropa çempionatı

Güləşçilərimizdən uğurlu başlanğıc, 3-ü finala çıxdı - Avropa çempionatı

İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı start götürüb.

MediaSport.az xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da yer alan yunan-Roma güləşçilərimiz mübarizə aparıblar.

Mart ayında 60 kq-da U-23 Avropa çempionatında qızıl medal qazanmış Elmir Əliyev (55 kq) burada da çətinlik çəkmədən finala çıxıb. Əliyev müvafiq olaraq ispaniyalı Xames Kastano (9:0), fransalı İliyan Aynau (7:0), türkiyəli Muhammet Emin Çakır (10:1) və ermənistanlı Homeros Arakelyan (8:0) üzərində böyükhesablı qələbələr əldə edərək ukraynalı Marko Voloşinlə həlledici görüşə vəsiqəni rəsmiləşdirib.

63 kq-da yarışan Fəraim Mustafayev bolqarıstanlı Xristian İvanova 9:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlsə də, ermənistanlı Yurik Hoveyanla gərgin mübarizə şəraitində keçən qarşılaşmadan məğlub ayrılıb - 5:8. Rəqib finaladək irəlilədiyi üçün milli üzvü təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Mustafayevin rəqibi çexiyalı Matous Yankeviç olacaq.

Etibar Rzayev (87 kq) ilk mərhələdə finlandiyalı Elias Liiskiyə 2:1 hesabıyla qalib lakin 1/8 finalda rumıniyalı Patrik Qordanla bacarmayıb - 2:9.

Davud Məmmədov (77 kq) 1/8 finalda ermənistanlı Vahe Hovannisyana şans tanımayıb - 7:1. Məmmədov növbəti mərhələdə ukraynalı Ruslan Abdiyevdən güclü olub - 4:2. Davud yarımfinalda bolqarıstanlı Martin Dimitrovu da üstələyərək (7:1) adını Avropa çempionatının finalına yazdırıb. Pəhləvanımız həlledici görüşdə rumıniyalı Aleksandru Soloveylə qarşılaşacaq.

Mübarizəyə 1/4 finaldan qoşulan Məzaim Mərdanov (130 kq) yunanıstanlı Axilles Xrisidisə sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda Estoniyalı Eerik Pankla görüş dramatik alınıb. 0:7 hesabıyla geri düşən Şəmkir güləş məktəbinin yetirməsi əsl əzmkarlıq nümayiş etdirərək yekunda 8:7 hesablı qələbə qazanıb. Məzaim finalda macarıstanlı Laşlo Darabosla mübarizə aparacaq.