Almanlar millimizin sabiq üzvünü təbrik etdi: "Arzusu gerçəkləşdi"

Almanlar millimizin sabiq üzvünü təbrik etdi: "Arzusu gerçəkləşdi"

Almaniya Şimal-Şərq Regional Liqasında top qovan azərbaycanlı hücumçu Rüfət Dadaşovu formasını geyindiyi klub "Dinamo" (Berlin) doğum günü münasibətilə təbrik edib.

Mediasport.az xəbər verir ki, paytaxt təmsilçisi rəsmi saytı vasitəsilə milli komandamızın sabiq forvardı barədə bunları yazıb:

"Azərbaycan millisində oynamaq Dadaşov üçün irəliyə doğru böyük addım idi. 2018-ci ilin yayında Şimal-Şərq Regional Liqasının bombardiri və Berlin Kubokunun qalibi "Dinamo"dan ayrılaraq "Proyssen"ə keçmişdi.

Arzusu gerçəkləşdi: Millətlər Liqasının, Avropa çempionatının təsnifat mərhələsində çıxış etdi. "Proyssen"də təxminən il yarım oynadıqdan sonra 2020-ci ilin əvvəlində ABŞ-yə köçdü, 2-ci Liqada çıxış edən "Finiks Razinq"lə müqavilə imzaladı, 29 oyuna 15 qol vurdu.

2021-ci ilin avqustunda Almaniyaya qayıtdı və "Şalke"nin U-23 komandasına qoşuldu. Bir neçə ay sonra Rüfətə 2-ci Bundesliqada debüt etmək şansı da verilmişdi. Ötən ilin yayında Dadaşov "Dinamo"ya qayıtdı. Komandaya uyğunlaşma dönəmi çox çəkmədi".

Rüfət cari mövsüm "Dinamo"nun heyətində bütün turnirlər daxil, 10 oyuna 3 qol vurub və 1 məhsuldar ötürmə edib.