Avropa çempionatında ilk dəfə gümüş medal qazanan qadın şahmatçılarımız Vətənə dönüblər
Monteneqroda keçirilən Avropa çempionatında ilk dəfə gümüş medal qazanan qadın şahmatçılardan ibarət Azərbaycan yığması Vətənə dönüb.
Mediasport.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub.
Mərasimdə Azərbaycan Şahmat Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, qadınlardan ibarət milli 7 turda qələbə qazanıb, bir dəfə heç-heçə edib, yeganə məğlubiyyətini isə Avropa çempionu olan Bolqarıstan yığmasından alıb.
Faiq Həsənov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti:
"Yığmamızdan qızıl medal gözləyirdik. Amma son tur oyunun taleyini həll etdi. Qızlarımız qələbəyə çox yaxın idilər. Hər biri güclü oyun nümayiş etdirdi. Bu turnirə çox ciddi hazırlaşmışdılar. 15 xalla ikinci yerə layiq görülmək sevindirici hissdir. Əgər bu formada irəliləsək, sözsüz ki, gələn il keçiriləcək Şahmat Olimpiadasında bundan da yaxşı nəticə əldə edəcəyik”.
Yevgeni Tomaşevski, milli komandamızın məşqçisi:
"Fəxr edirəm ki, belə bir komanda ilə işlədim. Şahmatçılarımız qızıl medal qazanmağa layiq idi. Çempion olmağa çox yaxın idik. Qızlarımızın hər biri yarışdan maksimum nəticə ilə ayrıldılar. Möhtəşəm oyun nümayiş etdilər, axıra kimi mübarizə apardılar. Bu, olduqca ciddi və sevindirici uğurdur. Gələcəkdə onlardan daha yaxşı nəticələr gözləyirəm".
"Komandada motivasiya çox yüksək idi. Çünki xalqımızın bizə göstərdiyi dəstəyi daim hiss edirdik" - Gövhər Beydullayeva.
"Ardıcıl üçüncü dəfə Vətənə medalla qayıtmaq sevindiric haldır. Komandamızın növbəti hədəfi qızıl medal qazanmaq olacaq. Bizi dəstəkləyən hər kəsə təşəkkür edirik" - Günay Məmmədzadə.
"Komandamızın üzvləri sona qədər mübarizə apardı. Çıxışımızadan çox razıyam" - Xanım Balacayeva.
“Qazandığımız nəticə ilə lider komanda olduğumuzu bir daha sübut etdik” - Ülviyyə Fətəliyeva.