Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu" tunirində finala çıxıb

Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu" tunirində finala çıxıb

Bakıda qadın boksçular arasında "Böyük İpək Yolu" beynəlxalq turnirində yarımfinal mərhələsi yekunlaşıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan millisinin 2 idmançısı həlledici mərhələyə vəsiqə qazanıb.

50 kq-da yığmanın boksçuları Anaxanım İsmayılova və Marjona Savriyeva üz-üzə gəliblər. Görüş ikincinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Savriyeva finalda Günel Rəhimova (Azərbaycan) ilə döyüşəcək.

Zeynəb Rəhimova da yarımfinal qarşılaşmasından qalib ayrılıb. 54 kq çəkidə qüvvəsini sınayan boksçumuz italiyalı Alyona Savçuku məğlub edib – 3:2. O, finalda Şahina Nematova (Özbəkistan) ilə münasibətinə aydınlıq gətirəcək.

İsmayılova ilə yanaşı, Nərgiz Zeynalova (54 kq), Məhsəti Həmzəyeva və Aysu Dərvişova (hər ikisi 60 kq) turniri bürünc medalla başa vurublar. Onlar müvafiq olaraq, Şahina Nematova (Özbəkistan), Nikoli Rebekka (İtaliya) və Buday Vivienə (Macarıstan) məğlub olublar.

5 çəki dərəcəsi üzrə keçirilən yarışda qadın boksçuların final döyüşləri martın 27-də baş tutacaq. Sabah, həmçinin qızıl medal uğrunda Mehparə Məmmədova (48 kq) Erika Priskiandaro (İtaliya) ilə, Lalə Namazlı (63 kq) isə Canfora Assunta (İtaliya) ilə gücünü yoxlayacaq.

11 ölkədən 121 idmançının qatıldığı "Böyük İpək Yolu"nda kişi boksçuların mübarizəsi martın 28-də başa çatacaq.