Yüksək Liqada FİNAL baş tutdu: Azərbaycan çempionu məlumdur
Kişi voleybolçular arasında Azərbaycan çempionu müəyyənləşib.
Mediasport.az xəbər verir ki, Yüksək Liqada qızıl medalların taleyinə bu gün keçirilən final oyununda aydınlıq gətirilib.
Bakı İdman Sarayında təşkil olunan həlledici matçda “Azərreyl” və “Murov Az Terminal” görüşüb.
Taybbrekə qədər davam edən qarşılaşmada çempion adını “dəmiryolçular” qazanıblar.
“Murov Az Terminal” ardıcıl 3-cü dəfə finalda uduzub.
Oyunu Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, Azərbaycanın qadınlardan ibarət voleybol millisinin baş məşqçisi Faiq Qarayev, Gürcüstan Voleybol Federasiyasının prezidenti Georgi Kartvelişvili və federasiyanın digər rəsmiləri arenadan izləyiblər.
Qeyd edək ki, iki gün əvvəl keçirilən bürünc medal uğrunda dueldə “Neftçi” MOİK-i 3:0 hesabı ilə məğlub edib.
Yüksək Liqa (Kişilər). Final
16:00. “Azərreyl” - “Murov Az Terminal” 3:2 (29:27, 25:27, 19:25, 32:30, 15:13)
Bakı İdman Sarayı