Polina Rəhimova: "Bacardığım qədər kömək etməyə çalışacağam"
"Komandaya Avropa çempionatında uğurlu nəticə qazanmaqda kömək etmək üçün yenidən buradayam".
MediaSport.az xəbər verir ki, bunu Azərbaycan millisinin qadın voleybolçusu Polina Rəhimova federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
Üç ildən sonra yığmaya qayıdan 33 yaşlı oyunçu federasiyanın yeni rəhbərliyinin ona etimad göstərdiyini bildirib: "Mayda əməliyyat olunmuşdum, hazırda özümü yaxşı hiss edirəm. Bacardığım qədər komandaya kömək etməyə çalışacağam, yaxşı nəticə göstərmək üçün əlimdən gələni edəcəyəm. Məqsədimiz mümkün qədər uğurlu çıxış etməkdir. Avropa çempionatında oyunlarımıza bir ay vaxt qalıb".
Təcrübəli voleybolçu onları dəstəkləyən hər kəsə təşəkkür etdiyini söyləyib. "Yenidən milliyə qayıtdığım üçün fanatların bu qədər sevinməsinə görə şadam. Çox adam mənə yazdı, dəstəyini bildirdi. Bu isti qarşılanmaya görə hər kəsə təşəkkürümü bildirirəm, çox sağ olun. Hər kəsi oyunlara baxmağa dəvət edirəm, gəlin, bizə dəstək olun. Azərbaycan voleybolunu birgə inkişaf etdirək”.
Qeyd edək ki, qitə çempionatına avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edəcək. Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq.