"Himnimizi səsləndirdiyimə görə çox xoşbəxtəm" - Avropa çempionu
Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Avropa çempionatında iştirak edən ağırlıqqaldırma üzrə milli komandamız və üç qızıl medal qazanan Dadaş Dadaşbəyli Vətənə qayıdıb.
Mediasport.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Avropa çempionu təəssüratlarını bölüşüb:
“Yarışdan əvvəl olan hazırlıq çətin keçdi, çünki dizimdə zədə var idi. Əvvəlcədən bu yarışda nəticə qazanmağı qarşıma hədəf qoymuşdum. Azərbaycan himnini səsləndirdiyimə görə çox xoşbəxtəm. Bir çox lisenziyalı yarışlarda iştirak etmişəm. Ay yarım sonra Dünya Kuboku olacaq. Artıq bu yarışda 109 kiloqramdan artıq çəkidə mübarizə aparacağam. Burada da uğurlu nəticə qazanmaq istəyirik. Əminəm ki, son lisenziya turniri də bizim üçün uğurlu olacaq".
Qeyd edək ki, Dadaş Dadaşbəyli toplam 388 kiloqram (176+212) nəticə ilə yekun sıralamada da Avropada hər kəsi qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Kişilər arasında bu uğura sonuncu dəfə 2012-ci ildə Türkiyənin Antalya şəhərində keçirilmiş Avropa çempionatında Əfqan Bayramov imza atmışdı.