Avropa çempionatı: Amin Osmanov 1 qızıl və 2 gümüş medal qazandı
Moldovanın paytaxtı Kişinyovda keçirilən 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.
Federasiyadan MediaSport.az saytına verilən məlumata görə, yarışda 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) gücünü sınayır.
Yarışın 4-cü günündə körpücük üzərinə yığmamızın üzvü Amin Osmanov çıxıb. O, yaşı 17-yə qədər olan oğlanlar arasında 55 kq çəki dərəcəsində mübarizə aparıb.
“Göyəzən” Ağır Atletika Klubunun təmsilçisi birdən qaldırma hərəkətində 99 kq nəticə göstərib və bu hərəkətdə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.
Amin təkanla qaldırma hərəkətində də uğurlu çıxış edib. O, 117 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə gümüş medala sahib çıxıb.
Toplam 216 kq (99+117) nəticə göstərən Osmanov yekun sıralamada da gümüş medal əldə edib.