Federasiya prezidenti BƏƏ-nin Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) prezidenti Kamran Nəbizadə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd əl-Bluşi ilə görüşüb.
Mediasport.az xəbər verir ki, BƏƏ-nin Azərbaycandakı səfirliyində təşkil edilən görüşdə bir çox məsələlər müzakirə olunub.
Xüsusən iki ölkənin ağırlıqqaldırma federasiyaları arasında dostluq və əməkdaşlıq məsələsi ətrafında fikir mübadiləsi aparılıb.
Kamran Nəbizadə AAF-ın fəaliyyəti, görülən işlər, əldə edilən nailiyyətlər və gələcək planlar barədə səfiri məlumatlandırıb.
Söhbət zamanı federasiyalar arasında sıx əlaqələrin qurulması, təcrübə mübadiləsinin aparılması, müxtəlif yaş qrupları üzrə birgə təlim-məşq toplanışlarının keçirilməsi və digər bu kimi addımların atılmasının vacibliyi vurğulanıb.
Səfir əl-Bluşi görüşün səmərəli keçdiyini, ağırlıqqaldırma idman növünün qarşılıqlı inkişaf etdirilməsinin ölkələr arasında münasibətlərin möhkəmləndirilməsi və tərəqqisinə təkan verəcəyini qeyd edib.