"Allah qoysa, "Qarabağ"a lazım olan oyunçu kimi qayıdacam" - RÜSTƏM
"Zirə"nin hücumçusu Rüstəm Əhmədzadə Premyer Liqanın 5-ci turunun "Qəbələ" ilə səfər qarşılaşmasından sonra jurnalistlərin suallarını cavablandırıb.
Komanda yaxşı formadadır, beə bir məqamda çempionatda fasilənin yaranması sizin üçün mənfi hal ola bilər?
- Məncə, yox. Düşünmürük ki, artıq birinci yerdəyik, hər şey bizim üçün yetərlidir, bəsdir, hər şey bizi razı salır, və.s. - xeyr, bunları fikirləşmirik. Qələbələrdən sonra da məşqə gedirik və başa düşürük ki, yenə də işləməliyik, dayanmamalıyıq. İnkişaf etməyə və daha yaxşı olmağa çalışırıq.
Çoxları bu mövsümün daha maraqlı, daha gərgin olacağını proqnozlaşdırır. Geridə qalan 5 turda sən necə, bunu görə bilirsən?
- Bəli, tam olaraq razıyam. İndi hər tur kim kimlə oynayırsa, bütün matçlar maraqlı gedir, hamı mübarizə aparır. Layiqli, yaxşı oyun göstərir. İndi elə şey yoxdur ki, hansısa komanda digərindən bir qədər güclü olsun. Hər bir komanda digərindən xal ala bilər.
"Zirə"nin bu mövsümkü əsas məqsədi nədir?
- Tuta biləcəyimiz ən yaxşı yeri tutmaq.
Yəni, avrokubok?
- 100 faiz. Ən yüksək yerlər uğrunda oynayacağıq. Bizim üçün hər matç final olacaq. Meydana çıxıb yalnız qələbə üçün oynayacağıq.
Bir neçə gün sonra millimizin Belçika seçməsinə qarşı oyunu olacaq. Yığmamızdan hansı nəticəni gözləmək olar?
- Belçika yaxşı komandadır, ağır olacaq. Amma təbii ki, biz də əlimizdən gələni edəcəyik. Nə qədər mümkündürsə, mübarizə aparacağıq.
Azərbaycan millisi son dəfə 12 il əvvəl Beçlikadan Bakıda xal almışdı. Səncə, bu nəticəni təkrarlamaq mümkündür?
- Ola bilər, niyə də olmasın? Futboldur da.
Ötən mövsümün yekununda demişdin ki, "Qarabağ"a qayıdacam və əsas heyətə düşmək uğrunda mübarizə aparacam. Amma yenə də "Zirə"dəsən...
- Bu, onunla bağlıdır ki, tam hazır formada deyiləm. İndi hansı formada olduğumu bilirəm, amma dərk edirəm ki, daha yaxşı formada ola bilərəm. Özümdən də bunu tələb edirəm. "Qarabağ"a etimad edə biləcəkləri oyunçu kimi getmək istəyirəm. Yayda bir az hiss etdim ki, daha da işləməliyəm və Allah qoysa, "Qarabağ"a lazım olan oyunçu kimi qayıdacam.