Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda çıxış edib - VİDEO
Böyük Britaniyada keçirilən “Vindzor Kral Atçılıq Şousu”nda Azərbaycan nümayəndə heyəti də iştirak edib.
Mediasport.az xəbər verir ki, tərkibinə DSX-nin rəqs ansamblı, 20 Qarabağ atından ibarət süvarilər dəstəsi və “Land of Fire” polo komandasının daxil olduğu nümayəndə heyətinin tədbirdə iştirakı Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə baş tutub.
Mötəbər tədbirdə təmsilçilərimiz tərəfindən xüsusi seçilən Qarabağ atları, milli musiqimiz və Azərbaycan rəqslərindən ibarət “Koroğlu” adlı şou-kompozisiya təqdim edilib.
100 mindən artıq tamaşaçının izlədiyi şou-kompozisiyada Koroğlu rolunu Azərbaycanın xalq artisti Yusif Eyvazov və əməkdar artist Tural Ağasiyev, Nigar rolunu əməkdar artist Afaq Abbasova və Fatimə Cəfərzadə ifa ediblər.
Milli musiqi alətlərimizin ifasında “Qarabağ cəngisi”, Əməkdar artist Fərid İbrahimovun rəhbərliyi ilə “Sərhədçi” rəqs ansamblı, Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində igidlik və hünər nümunələri, Böyük Britaniya tamaşaçısının marağına səbəb olub.
Tədbirdə Heydər Əliyev Fondunun dəstəyi ilə tariximizi, mədəniyyətimizi və xalçaçılıq sənətini özündə tərənnüm edən “Azerbaijan Cultural” tenti qurulub.
“Vindzor Kral Atçılıq Şousu” çərçivəsində Azərbaycan nümayəndə heyəti Böyük Britaniyanın Kralı III Çarlz ilə görüşüb, tanınmış heykəltaraş Faiq Hacıyevin “Zəfər adlı Dilbaz atı” əsəri və Rəssamlar İttifaqının üzvü Elnur Mahmudovun qədim gümüş alətlərinin təsvir olunduğu rəsm əsəri hədiyyə edilib.
May ayının 4-də Elçin Camallının baş məşqçisi və kapitanı olduğu Azərbaycanın “Land of Fire” komandası ilə Böyük Britaniyanın ən nüfuzlu “Guards Polo Club” komandası arasında yoldaşlıq oyunu baş tutub.
Qarşılaşma komandamızın 6:4 hesablı qələbəsi ilə yekunlaşıb.