"Əgər davanı nəzərdə tutursuzsa, bu, futboldur, hər şey ola bilər"
Avstriya AVRO-2024-ün seçmə mərhələsinin 8-ci turunda Azərbaycanla üz-üzə gəlib (1:0).
Mediasport.az xəbər verir ki, qonaqların baş məşqçisi Ralf Ranqnik mətbuat konfransında iştirak edib.
O, öncə matç haqda fikirlərini bölüşüb: "Asan oyun olmadı. Bura hazır gəlmişdik. Azərbaycanın hansı futbola qadir olduğunu bilirdik, son iki oyunlarına baxmışdıq. Bura gələndə Azərbaycanı analiz etmişdik. Asan olmasa da, qalib gəlməyə köklənmişdik. Buna da nail olduq".
Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
Son dəqiqələrdə futbolçularınız Şahruddin Məhəmmədəliyevin üzərinə şığıdı. Qorxmurdular ki, cavabı başqa cür olar?
- Əgər davanı nəzərə alırsızsa, bu, futboldur, hər vəziyyət ola bilər. Dava da ola bilər. Sona 10 dəqiqə qalmış Saşa sifətinə zərbə almışdı. Bilərəkdən nəsə etmədi.
Qələbə qazandıqca oyunçularınız rahatlıq hiss edir?
- Oyunçular mahnı oxuyurdular. Qalib gəlməklə, arxayınlaşmırıq, öz üzərimizdə işləməliyik.
Meydanda hansısa təhqiramiz ifadə oldu?
- Meydanda hər şey ola bilər. Oyunçular bir-birini söyə də, itələyə də bilərlər. Fransa, İspaniya, Belçika ilə görüşlərdə hətta bir-birini söyürdülər. İrəli addım etmək üçün hər üsuldan istifadə etməliyik. Təsnifat mərhələləri çətin olduğu üçün oyunçular özlərindən çıxırlar.
Azərbaycan çempionu "Qarabağ" Almaniyanın "Bayer" klubu ilə Avropa Liqasında qarşılaşacaq. Sizcə, "Qarabağ" onlardan xal ala bilər?
- Hazırda başqa oyundayıq. "Qarabağ"la maraqlanırıq, Avstriyada məlumatımız var. Amma indi başqa oyundayıq. "Bayer" indi yaxşı formadadır, Bundesliqada yaxşı nəticələri var. Xal alacaqlar ya, yox vaxt göstərəcək. Yığma ilə bağlı sual varsa, verə bilərsiz. Avstriyada da Azərbaycan klubları izlənilir, "Qarabağ" da tanınır.
Bugünkü görüşdə səhvlər olurdu, oyunçularınız toparlana bilmirdi. Fasilədə onlara nəsə dediz?
- Birinci hissədə çalışdıq ki, erkən qol vuraq, amma alınmadı. Azərbaycan yaxşı müdafiə olunurdu. Səhvlər edirdik, toparlana bilmirdik. İkinci hissə başlayan kimi, oyunçulara dedim ki, toparlanmaq lazımdır və ən azı bir qol vurmaq lazımdır. Başlayan kimi qol vurduq. Amma rahatlaşmalı deyilik. İkinci hissədə yenə səhvlər edirdik.
Rövşən