"Böyük Dəbilqə" Azərbaycan cüdoçularının fiaskosu ilə başladı

"Böyük Dəbilqə" Azərbaycan cüdoçularının fiaskosu ilə başladı

Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turniri Azərbaycan cüdoçularının fiaskosu ilə start götürüb.

mediasport.az xəbər verir ki, ilk gündə tatamiyə çıxan 8 idmançı mübarizəni medal qazanmadan başa vurub.

Yalnız Nazir Talıbov (60 kq) medal əldə etməyə yaxın olub. 1/4 finalda məğlub olan 22 yaşlı cüdoçu təsəlliverici görüşdə də belçikalı Yorr Verstraetenə uduzaraq, bu imkanı qaçırıb.

Millinin digər üzvlərindən Yaşar Nəcəfov (66 kq) 1/32 finalda, Kəramət Hüseynov (60 kq) 1/16 finalda, Orxan Səfərov (66 kq) 1/8 finalda mübarizəni dayandırıblar.

Qadın cüdoçular Leyla Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) 1/32 final, Könül Əliyeva (48 kq) ilə Gültac Məmmədəliyeva (52 kq) isə 1/8 final səddini keçə bilməyiblər.

Azərbaycan millisinin heyətində Hidayət Heydərov (73 kq), Nurlan Osmanov (73 kq), Səid Mollayi (81 kq) və Zelim Tçkayev (81 kq) aprelin 1-də mübarizəyə qoşulacaqlar.

Turnirə aprelin 2-də yekun vurulacaq.