Azərbaycanı dünya çempionatında bu güləşçilər təmsil edəcəklər - SİYAHI
Avqustun 14-dən 20-dək İordaniyanın paytaxtı Əmman şəhərində güləş üzrə U-20 dünya çempionatı keçiriləcək.
mediasport.az xəbər verir ki, yarışın ilk günlərində sərbəst güləş üzrə mübarizə baş tutacaq.
Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi altında Ruslan Abdullayev (57 kq), Musa Ağayev (61 kq), Ramik Heybətov (65 kq), Mircavad Nəbiyev (70 kq), Elxan Qarayev (74 kq), Ali Tsokayev (79 kq), Təbriz Bayramov (86 kq),Rəvan Musayev (92 kq), Zəfər Əliyev (97 kq) və Yusif Dursunov (125 kq) Azərbaycanı dünya çempionatında təmsil edəcəklər.
Daha sonra estafet qadın güləşçilərə keçəcək. Böyük məşqçi Rövşən Umudovun tapşırıqlarını Elvina Kərimzadə (50 kq), Gültəkin Şirinova (53 kq)və Əsmər Cankurtaran (55 kq) yerinə yetirməyə çalışacaqlar.
Çempionata yunan-Roma güləşçilərinin çıxışı ilə yekun vurulacaq. Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında 9 güləşçi xalçaya çıxacaq. Fərid Sadıxlı (55 kq), İlkin Qurbanov (60 kq), Fəraim Mustafayev (63 kq), Kənan Abdullazadə (67 kq), Ruslan Nurullayev (72 kq), Davud Məmmədov (77 kq), İsmayıl Rzayev (82 kq), Əli Quliyev (87 kq) və Məzaim Mərdanov (130 kq) Əmmanda mübarizə aparacaqlar.
Mundialda beynəlxalq dərəcəli hakim Kamran Əliyev ədaləti qoruyacaq.