Bakıda ilk dəfə keçiriləcək RİZİN-də Azərbaycan döyüşçülərinin rəqibləri müəyyənləşib
Yaponiyanın dünyaca məşhur qarışıq döyüş sənəti (MMA) təşkilatı RİZİN-in “Landmark 7” beynəlxalq turnirinə paytaxtımız ilk dəfə ev sahibliyi edəcək.
Mediasport.az xəbər verir ki, turnir noyabrın 4-də, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və RİZİN Döyüş Federasiyasının təşkilatçılığı ilə keçiriləcək. Tədbirin rəsmi promouteri isə Bakı Şəhər Halqası Əməliyyat Şirkətidir. “Nar” və “Silk Way West Airlines”ın rəsmi tərəfdaşlığı ilə keçirilən turnir Milli Gimnastika Arenasında baş tutacaq.
RİZİN müxtəlif döyüş üslublarını özündə birləşdirən və bir çox ölkələri təmsil edən döyüşçüləri bir araya gətirərək dinamik qarşılaşmalara ev sahibliyi edir. Qlobal izləyici kütləsi on milyonu ötən RIZIN qarşılaşmaları özünəməxsusluğu ilə seçilir. Belə ki, azarkeşlər tək döyüş deyil, açılış və bağlanış mərasimləri ilə birlikdə möhtəşəm şouya şahidlik edirlər.
"RIZIN döyüşünün Bakıda keçirilməsi bizim üçün tarixi bir məqamdır. Məlumdur ki, turnir ilk dəfədir Yaponiyadan kənarda keçirilir və onun bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi edən paytaxt Bakıda keçirilməsinə çox şadıq. Tədbirin ərsəyə gəlməsində bizə dəstək olan təşkilatçılara – Gənclər və İdman Nazirliyinə və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə xüsusi təşəkkürümü bildirirəm. Əminəm ki, azərbaycanlı idmançıların qatıldığı turnirin öz vətənlərində keçirilməsi yerli azarkeşləri xüsusilə sevindirəcək. Burada olmaqdan çox məmnunuq və RİZİN həvəskarlarına unudulmaz təcrübə vəd edirik” – deyə, RİZİN Döyüş Federasiyasının təsisçisi və baş icraçı direktoru Nobuyuki Sakakibara bu gün keçirilən konfransda bildirib.
Sakakibara tədbir zamanı yerli döyüşçülərimizin adlarını və onların rəqiblərini də açıqlayıb.
Beləliklə, MMA döyüşçümüz, RIZIN kəmərinin sahibi Vüqar Kərəmov yaponiyalı “Black Super” yüngül çəki çempionu Çihiro Suzuki ilə, Tofiq Musayev yaponiyalı Koji Takeda ilə qarşılaşacaq. Nəriman Abbasovun rəqibi rusiyalı Ali Abdulxalikov olacaq, Mehman Məmmədov ABŞ təmsilçisi Castin Skogginslə münasibətlərini aydınlaşdıracaq, Tural Ragimov isə koreyalı Kyong Pyo Kim ilə mübarizə aparacaq.
Turnirin bilet satışına da start verilib. Biletləri “iTicket” platforması (bilet üçün klikləyin) vasitəsilə onlayn və ya platformanın şəhərimizdəki kassalarından əldə etmək mümkündür. Biletlərin qiyməti 50-350 AZN arasında dəyişir.