"Rəqibim kəməri yuxuda görə bilər, şəkil çəkdirməyə icazə verirəm"
"Bu kəməri icarəyə götürməmişəm və ən azı bir il məndə qalacaq"
Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan döyüşçüsü Vüqar Kərəmov noyabrın 4-də Bakıda təşkil olunacaq “Landmark 7” turnirinə həsr edilmiş mətbuat konfransında deyib.
İdmançı kəməri özündə saxlamaq istədiyini vurğulayıb: "Rizin" təşkilatı ölkəmizə xoş gəlib. Azərbaycanda hər şeyi sübut edəcəyəm və kəmər məndə qalacaq. Rəqibim kəməri ancaq yuxuda görə bilər. Sadəcə, şəkil çəkdirməyə icazə verirəm".
Kərəmovun rəqibi Suzuki Çihiro hər kəsi salamlayıb: "Buraya çempion olmaq üçün gəlmişəm. Çox hazırlıqlıyam və yaxşı döyüşə bilərəm. Əvvəlki yarışa diqqəti yönəltməyin. Mən daha hazırlıqlıyam və qalib gəlmək niyyətindəyəm. Hər zaman döyüşə bilərəm. Mütləq qalib gələcəyəm".
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda Azərbaycan döyüşçülərindən Tofiq Musayev, Vüqar Kərəmov, Mehman Məmmədov, Tural Rəhimov və Nəriman Abbasov iştirak edəcəklər.