"Biz də AÇ-yə əl-qolumuzu yanımızda sallamağa getmirik"
"Albaniyada nəticəsi o qədər də önəmli olmayan 2 yoxlama matçı keçirdik. Milli komandaya yeni futbolçular dəvət etmişdik, əsas onları sınaqdan keçirmək istəyirdik. Çünki bur futbolçumuz hərbi xidmətə yollanıb, yeri boş idi".
Bu sözləri Mediasport.az saytına açıqlamasında 19 yaşlılardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Aqil Nəbiyev deyib.
Gənc çalışdırıcı Albaniyanın Elbasan şəhərində keçirilən təlim-məşq toplanışı barədə düşüncələrini bölüşüb: "Əsasən ikinci oyunumuz keyfiyyətli alındı. Bəzi uşaqların liqalarda oynamaması fiziki formalarında problem yaradır. Heyətdə 1 və 2-ci Liqalardan futbolçular var, bu çempionatlar millinin toplanışından sonra start götürüb. Əvəzedicilərdən yığmaya cəlb olunan bir neçə futbolçu da, demək olar ki, komandalarında ilk "11-lik"də oynamır. Digər tərəfdən, bilirsiz ki, 2005-ci il yaş qrupunda seçim imkanımız da geniş deyil. Bunlara baxmayaraq, əlimizdə olan uşaqlardan maksimum istifadə etməyə çalışırıq".
Nəbiyev noyabrda keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyunlarındakı rəqibləri dəyərləndirib: "Çətin qrupda yer almışıq. Bosniya və Herseqovina, Niderland və Lüksemburq milliləri keyfiyətli futbol oynayan komandalardır. Lüksemburq kiçik bir ölkə olsa da, onların futbolu son illər ciddi inkişaf yolu keçir. Heyətlərində oynayan uşaqların, demək olar, yarıdan çoxu legioner həyatı yaşayır. Təsadüfi deyil ki, AÇ-2021-in seçmə mərhələsində Belçika və Norveç yığmalarının olduğu qrupu lider kimi başa vurub elit-raundda İngiltərə seçməsinə qalib gəlmişdilər. Digər ölkələr barədə çox danışmağa ehtiyac yoxdur. Amma biz də ora əl-qolumuzu yanımızda sallamağa getmirik. Komandamızda potensiallı, bacarıqlı uşaqlar var və onlara güvənirəm. Hədəfimiz var, ilk 2 yerdən birini tutub qrupdan çıxmaq istəyirik. Tək sıxıntımız oyun təcrübəsi ilə bağlıdır".
Mütəxəssis komandanın oyun praktikasının çatışmazlığını noyabra qədər həll etməyə çalışacaqlarını vurğulayıb: "Bizim başqa seçim imkanımız yoxdur. Gələn ay üçün növbəti təlim-məşq toplanışı nəzərdə tutmuşuq. Bu yaş qrupunun beynəlxalq oyunlara çox ehtiyacı var. Yadınızdadır, koronavirus pandemiyası zamanı U-17 olaraq bir neçə futbolçumuz xəstəliyə yoluxduğu üçün komandamız Avropa çempionatının seçmə mərhələsində iştirak edə bilmədi. Əsas problemimiz oyun təcrübəsizliyidir. Digər tərəfdən, futbolçular komandaya tam hazır gəlsələr, fiziki durumları yerində olsa, ümid edirəm ki, yaxşı nəticələr əldə edə bilərik. Çünki bu futbolçular bizimlə uzun müddət birlikdə olmurlar. 3-5 gün toplanış keçirik. Əsasən komandalarının heyətində olurlar".
Qeyd edək ki, U-19 Avropa çempionatının seçmə mərhələ oyunları noyabrda keçiriləcək.