"Bilirik ki, çox çətin olacaq" - Azərbaycan millisinin baş məşqçisi
“Əlimizdən gələn qədər mübarizə aparacağıq və ölkəmizi ən yaxşı şəkildə təmsil etmək üçün çalışacağıq. Oktyabrın 15-dən məşqlərə start vermişik. Azərbaycanda olan 12 nəfərlə hazırlıq həftədə 5 gün olmaqla davam edir”.
Mediasport.az xəbər verir ki, bunu Azərbaycanın qadınlardan ibarət basketbol millisinin baş məşqçisi Evren Alkaya deyib.
Türkiyəli mütəxəssis yığmamızın Avropa çempionatının seçmə mərhələsində qarşılaşacaqları Polşa və Litva seçmələri ilə görüşlərə hazırlıq barədə məlumat verib:
"Rəqləri yaxşı analiz etmişik. Polşa komandasının bütün matçlarına baxmışıq. Litvanın da bundan əvvəl bizimlə və Polşa ilə olan oyunlarını yenidən izlədik. Bu oyunlar öncəsi müdafiə sistemləri üzərində çox çalışdıq".
E.Alkaya işlərinin asan olmayacağını qeyd edib:
"Bilirik ki, çox çətin olacaq. Çünki komandamızın 7-8 oyunçusu U-16 və U-18 millilərinin oyunçularından ibarətdir. Yalnız 2 və ya 3 basketbolçumuz bu səviyyədə oyunçulardır. Təbii ki, belə heyətlə Avropada hər zaman iddialı olan komandalara qarşı oynamaq çətindir. Bizim bu komanda ilə hədəflərimiz 4 və ya 5 ildən sonra ortaya çıxacaq. İndi əsas istəyimiz gənc oyunçularımızın təcrübə toplamasıdır. Ümid edirəm ki, ən yaxşı nəticələrlə geri dönəcəyik”.
Komandamız noyabrın 7-də Polşa, 3 gün sonra Litva millisi ilə üz-üzə gələcək. Görüşlər Polşada təşkil ediləcək.