"Bu, Azərbaycanın boks üzrə olimpiada tarixində bir ilk olacaq"
“Yarımfinalda İspaniya boksçusu ilə mübarizə çox gərgin keçdi. Finala vəsiqə qazanacağıma inanırdım".
Mediasport.azxəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında finala yüksələn Alfonso Dominges deyib.
92 kq çəki dərəcəsində həlledici qarşılaşmaya vəsiqə əldə edən Olimpiya mükafatçımız bacardığını sonadək ortaya qoyacağını bildirib:
“Döyüş taktikam belədir, hər zaman ikinci nömrədə çıxış etmişəm. Son görüşdə də bunu etdim. Nəticədə qalib gəldim. Finalda da uğur qazanmaq üçün əlimdən gələni edəcəm. Final üçün məsuliyyət böyükdür. Əgər qızıl medal qazansam, bu, Azərbaycanın boks üzrə olimpiada tarixində bir ilk olacaq".
Kubalı legionerimizin final görüşü avqustun 9-dan 10-na keçən gecə özbəkistanlı Lazizbek Mullojonova qarşı olacaq.
Xatırladaq ki, "Tokyo-2020"də bürünc medal qazanan Dominges olimpiadaların boks yarışlarında Azərbaycan adına iki dəfə mükafat qazanan yeganə "əlcək ustası"dır.