"Buna nail olmaq üçün əlimizdən gələni edəcəyik" - Kapitan Rahid
"Doğrudur, hazırda 2-ci Liqada fasilədir. Maraqlıdır ki, burada fasilə uzun çəkir. Bildiyim qədərilə, oyunlar martda start götürəcək. Qarşılaşmalara xeyli vaxt var".
Bu sözləri Mediasport.az saytına açıqlamasında Azərbaycan 2-ci Liqa təmsilçisi "Şahdağ Qusar"ın kapitanı Rahid Əmirquliyev deyib.
Təcrübəli yarımmüdafiəçi Qusar təmsilçisinin çempionatın turnir cədvəlindəki vəziyyətini dəyərləndirib:
"Mövsümün birinci yarısını ikinci pillədə bitirmişik. Rəqiblərimizlə xal fərqimiz çox deyil. Turnir cədvəlinin birincisi "Baku Sportinq"lə xal fərqimiz çoxdur, ancaq bizdən sonra gələn komandaların xal fərqi azdır. Ona görə də arxayınlaşmaq olmaz".
34 yaşlı futbolçu hədəflərinin 2-ci Liqanın qızıl medallarına yiyələnmək olduğunu vurğulayıb:
"Düşünürəm ki, mövsümün 2-ci yarısında buna nail olmaq üçün əlimizdən gələni edəcəyik. Düzü, qarşıda bizi çox oyun gözləyir. Ona görə də fasilədən istifadə edərək, hazırlaşmalı və bütün oyunlarda qələbə qazanmalıyıq ki, hədəfimizə çataq".