Dünya Seriyası: Yusubov qızıl, Həsənov bürünc medal qazandı
Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının dördüncü mərhələsinə start verilib.
Mediasport.az xəbər verir ki, Ramiz Həsənov (80 kq) və İbrahim Yusubov (90 kq) turnirdə Azərbaycanı təmsil ediblər.
Həsənov Tayler Loethen (3:0), yunanıstanlı Aleksandros Spiliotis (5:0), ukraynalı Maksim Bresə (2:1) qalib gəlib və B qrupunun lideri kimi yarımfinala yüksəlib. Finalın bir addımlığında moldovalı Vasile Diakona (1:3) məğlub olan Ramiz Bresi yenidən üstələyib (3:0) və bürünc medal qazanıb.
Yusubov A qrupunda maksimum nəticə göstərib. Çimərlik güləşi üzrə ikiqat dünya çempionu almaniyalı Kevin Qremm (3:0), ukraynalı Demid Karaçenko (3:0), yaponiyalı Asahi İmamuradan (3:0), moldovalı Trayan Kapatinadan (3:1), türkiyəli Mahmut Özkayadan (3:0) üstün olub və cari mövsümdə Dünya Seriyasında ilk dəfə qızıl medal qazanıb.
Dünya Seriyasının sonuncu - final mərhələsi 12-13 oktyabrda Xorvatiyanın Poreç şəhərində keçiriləcək.