"Dünya çempionatında bunu bacarmışıqsa, olimpiadada niyə olmasın?!" - Rafiq Hüseynov

"Dünya çempionatında bunu bacarmışıqsa, olimpiadada niyə olmasın?!" - Rafiq Hüseynov

"İdmançılara dəyər verilməsi sevindirici haldır. Hər ilin sonunda onlar mükafatlandırılırlar. Biz də bu cür münasibətdən sonra daha həvəslə çalışırıq. Fikirləşirəm ki, belə tədbirlərin çox olması arzuolunandır. Bu, biz idmançıları daha da həvəsləndirir".

Bu sözləri Mediasport.az saytına açıqlamasında yunan-Roma güləşi üzrə ikiqat dünya çempionu Rafiq Hüseynov deyib.

35 yaşlı idmançı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin 2023-cü ilin idman yekunlarına həsr olunmuş tədbirində növbəti ilin çox çətin keçəcəyini bildirib:

"Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün əlimdən gələni əsirgəməyəcəm. Fikirləşirəm ki, hər şey yaxşı və istədiyimiz kimi olacaq. Bundan başqa, şəxsi hədəfim 3-cü dəfə dünya çempionu olmaqdır. Bunu bacarmaq üçün əlimdən gələni edəcəm. Eldəniz Əzizli kimi, yunan-Roma güləşi üzrə üçqat dünya çempionu olmağa çalışacam. Məncə, bunu bacarmaq mümkündür. Bizim üçün hər bir şərait qurulub. Hər şey yaxşı olacaq".

O, 2023-cü ilin yekunları haqda danışarkən yunan-Roma güləşi üzrə Azərbaycan millisinin ilk dəfə komanda hesabında dünya çempionu olduğunu diqqətə çatdırıb:

"Xalqımız biz güləşçilərdən hər zaman yüksək nəticə gözləyir. Komanda növündə son dünya çempionuyuq. Sübut etməliyik ki, bunu boşuna əldə etməmişik. Məncə, Olimpiya Oyunlarında bunu sübut etməyin əsl vaxtıdır. Fikirləşirəm ki, alınacaq. Dünya çempionatında bunu bacarmışıqsa, Olimpiya Oyunlarında niyə olmasın?!".

Hüseynov "Bu yaşda ardıcıl titullar qazanmağın əsas sirri nədir" sualını belə cavablandırıb:

"Gördüyüm işi sevirəm, ondan həzz alıram. Ona görə də yorulmuram və hər an məşq edirəm. Bacardığım qədər yığma komandaya da kömək edirəm. Bu yaşda nəticə qazanmağımın əsas səbəblərindən biri Aleksandr Tarakanovun millinin "sükanı arxasına" keçməsi ilə bağlıdır. Onun gəlişi ilə güləş üslubumuz dəyişdi və uğurlar qazanmağa başladıq. Öncədən yığmada çalışan bəzi məşqçilər mənim güləş üslubuma uyğun deyildilər. Ona görə də nəticə qazana bilmirdim. Tarakanovun təyinatı, xüsusilə, mənim üçün xeyirli oldu".

Rövşən