Nərgiz Qurbanova: "Oyunçuların meydana adaptasiyası yox idi"
"Birinci hissədə oynayan heyət yaxşı çıxış etdi. İkinci yarıda turnirin qaydalarına əsasən yeni oyunçular buraxmalı olduq".
Mediasport.az xəbər verir ki, bunu 17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Nərgiz Qurbanova deyib.
Gənc mütəxəssis Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində son matçını keçirən futbolçularımızın Türkiyə seçməsinə 0:4 hesablı məğlubiyyətini şərh edib:
"Oyunçuların meydana adaptasiyası yox idi. Bu üzdən belə alındı. Hiss olunurdu ki, komandamızın fiziki hazırlığı rəqiblə müqayisədə aşağıdır. Amma futbolçularımız qələbəyə motivasiya olmuşdu. Bu, 2009-cu il təvəllüdlü oyunçularımızın ilk toplanışıdır. Bəziləri üçün ilk oyun bu gün oldu. Onlar yaxşı təcrübə qazandılar. Heyətdə bəzi qızları fərqləndirmək də olar".
Qeyd edək ki, millimiz turnirin əvvəlki görüşlərində Belarus (1:3) və Qazaxıstan (2:2, penaltilərlə 1:4) kollektivlərinə uduzub.