Federasiya dağılmaqda olan klublarla bağlı bəyanat yayıb
Kişi voleybolçulardan ibarət "Xarı Bülbül Şuşa" və "Xarı Bülbül Laçın" komandaları maliyyə sıxıntısı yaşayır.
Mediasport.az xəbər verir ki, eyni rəhbərliyin idarəçiliyində olan hər iki klub artıq dağılmaq üzrədir.
Klub rəsmilərinin, voleybolçuların sosial şəbəkələrdə paylaşdığı statuslardan məlum olur ki, mövsümün əvvəlində maddi təminatı üzərinə götürən sponsor öhdəlikdən boyun qaçırıb və klublar çıxılmaz vəziyyətdə qalıb.
Azərbaycan Voleybol Federasiyası məsələ ilə bağlı bəyanat yayaraq qeyd edib ki, bu klubların problemlərinin quruma aidiyyəti olmasa da, AVF bacardığı köməkliyi göstərmək üçün çalışır.
Bəyanatı olduğu kimi təqdim edirik:
"Məlum olduğu kimi, müstəqil şəkildə fəaliyyət göstərən kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” və “Xarı Bül bül Laçın” komandaları Azərbaycan çempionatında, “Xarı Bülbül Şuşa” həmçinin “Çelenc Kuboku”da iştirak edirlər. Mövsümün əvvəlində komandaların yerli və xarici voleybolçulardan ibarət heyətləri formalaşaraq, bütün xərclərin ödənməsi ilə bağlı sponsorlarla razılığa gəlinmişdir.
“Xarıbülbül Voleybol Klubu” Məhdud Məsuliyyətli Cəmiyyəti 5 iyun 2023-cü il tarixli müraciəti ilə Azərbaycan Voleybol Federasiyası (AVF) qarşısında öhdəlik götürmüş və bu barədə klub tərəfindən federasiyaya müvafiq zəmanət məktubu təqdim edilmişdir. Eyni zamanda klub Avropa Voleybol Konfederasiyasına müraciət edərək müvafiq qaydada sənədləri təqdim etməklə “Çelenc Kuboku”nda öz iştirakını təsdiq etmişdir.
Daha sonra klubun maliyyə çətinliyi ilə üzləşməsinə dair AVF-yə şifahi məlumat daxil olmuş və bununla bağlı klubun işçi heyəti və oyunçuları ilə görüş keçirilmişdir. Görüş zamanı yaranmış maliyyə çətinliyi ilə ələqədar müzakirələr aparılmış və klubun müvafiq sənədləri federasiyaya təqdim etməsindən sonra AVF tərəfindən bir aylıq maliyyə dəstəyinin göstəriləcəyi bildirilmişdir.
Klub tərəfindən rəsmi sənədlər federasiyaya təqdim olunduqdan sonra AVF klubun ölkəmizi “Çelenc Kuboku”da təmsil etdiyini nəzərə alaraq, qısa zamanda “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandalarının oyunçularının bir aylıq əməkhaqqını ödəyib.
Qeyd etmək istəyirik ki, AVF yaranmış vəziyyətlə əlaqədar “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandalarına dəstək olmaq üçün bütün imkanlarını səfərbər etmişdir".