Fərid Tağızadə: "5 olmasa da, 3-4 medala yiyələnəcəyimizə inanıram”
“Avropa paralimpiya çempionatında komandaya inamımız böyükdür. Təlim-məşq toplanışlarımız çox yaxşı keçib. Fransanın Montargis şəhərində Həmrəylik turnirindən qayıtdıqdan sonra Avropa çempionatına 40 günlük hazırlığımız olub”.
mediasport.az xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə açıqlamasında Niderlandın Rotterdam şəhərində keçiriləcək Avropa paralimpiya çempionatı öncəsi parataekvondo üzrə millimizin baş məşqçisi Fərid Tağızadə deyib.
O bildirib ki, yığma avqustun 14-16-da baş tutacaq yarışa tam hazırdır: “Həm fiziki, həm də texniki-taktiki yaxşı formadayıq. Hər şey qaydasındadır. Komandaya inamımız böyükdür. Yığmada uşaqların psixologiyası, durumu qaydasındadır. Hər bir cəhətdən yaxşıyıq. Heç bir problemimiz yoxdur”.
Tağızadə Avropa çempionatında iştirak edəcək hər bir yetirməsindən medal gözlədiyini də gizlətməyib: “İnanıram ki, əldə edəcəyimiz mükafatlar dəst olacaq. Qızıl, gümüş və bürünc medallar qazana biləcəyik. 5 olmasa da, 3-4 medala yiyələnəcəyimizə inanıram”.
Qeyd edək ki, yarışda Röyalə Fətəliyeva (52 kq), Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq), Əbülfəz Abuzərli (80 kq) və Orxan Cəfərov (+80 kq) dayanq üzərinə çıxacaq. Onların hamısı K-44 kateqoriyasında qüvvəsini sınayacaq.