Murad Musayev "Partizan"a məğlubiyyət haqda fikirlərini bölüşdü

Murad Musayev "Partizan"a məğlubiyyət haqda fikirlərini bölüşdü

"Sabah" Avropa Konfrans Liqasının III təsnifat mərhələsində "Partizan"la cavab oyununu keçirib.

mediasport.az xəbər verir ki, ötən həftə Bakıda 2:0 hesablı qələbə qazanan Masazır təmsilçisi Belqraddakı görüşdə üstünlüyünü qoruya bilməyib və penaltilər seriyası ilə yarışda mübarizəni dayandırıb.

"Bayquşlar"ın baş məşqçisi Murad Musayev məğlubiyyət haqda fikirlərini bildirib. Gənc mütəxəssis oyunboyu meydanda rəqibə rahat hərəkət etmək üçün şərait yaratdıqlarını deyib:

- "Partizan" böyük qüvvə ilə irəli atılmışdı. Bu da bizə sürətli əks-hücumlar etmək üçün yaxşı imkanlar yaradırdı. Lakin bundan faydalana bilmədik. Fasilədən sonra, ikinci qolu buraxdıqdan sonra oyun sakit məcrada keçdi. Əlavə vaxtda sərgilədiyimiz oyundan razı qaldım. Sonradan meydana çıxan futbolçular hücumda yaxşı oyun sərgilədilər. Bir neçə fürsətimiz olsa da, dəyərləndirə bilmədik. Təəssüf ki, penaltilər seriyasında məğlub olduq. Avrokuboklarda keçirdiyimiz bu 4 matç bizə böyük təcrübə qazandırdı. Bu bir çox oyunçunun ilk avrokubok təcrübəsi idi. "Partizan" böyük təcrübəyə malik komandadır. Onları növbəti mərhələyə keçmələri münasibəti ilə təbrik edir, qarşıdakı oyunlarda uğurlar arzulayıram.