Qurban Qurbanov: "Məni ən çox narahat edən budur" - MÜSAHİBƏ

Qurban Qurbanov: "Məni ən çox narahat edən budur" - MÜSAHİBƏ

Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Frayburq” (Almaniya) oyunundan öncə təşkil edilən mətbuat konfransında Azərbaycan təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

mediasport.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə sabahkı matç barədə fikirlərini bildirdi...

- Son oyunumuza çıxırıq. Çox fikir bildirməyəcəm. Oyunun mahiyyətini bilirik. Yaxşı, qrupda məğlub olmayan komanda ilə qarşılaşacağıq. Rəqibi daha yaxından tanıdıq, oyunçularını daha yaxından öyrəndik. 90 dəqiqə diqqətli olmalı və fikrimizi oyunumuza yönəltməliyik. Futbolçularıma güvənirəm. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini göstərək.

Futbolçuların psixoloji durumu necədir? Xüsusilə də Şahruddinin.

- Vacib oyundur. Son vaxtlar psixoloji durumdan çox danışılır. Peşəkarıq. Hər şey qaydasındadır. Bilirik ki, kimlə oynayırıq. Son Avropa oyunumuzdan 6 gün keçib və hər gün də Şahruddinin adı hallanıb. Ondan çox yazılır. Məni ən çox narahat edən budur. İstərdim ki, onun adı bu qədər hallanmasın. Bu, həm Şahruddində, həm də bütün komandada gərginlik yaradır. Həmişə azarkeşlərimizə güvənmişəm. Belə oyunlara real yanaşmalıyıq. Rəqiblərin gücü bizə bəllidir. Hamımız bir yerdə bu rəqiblərə qalib gələ bilərik. Belə hallar təsir edir. Ümumən, peşəkarıq. Hər şey qaydasındadır. Heç bir psixoloji problemimiz yoxdur. Hamı başa düşür ki, bu cür oyunlarda özlərini necə idarə etməlidirlər. Futbol səhvlər oyunudur. Bütün matçlarda olur. Hər bir halda fikirlərə hörmətlə yanaşıram. Şahruddində və digər futrbolçularda hər şey qaydasındadır. Fikrimiz sabahkı oyunu yaxşı nəticə ilə başa vurmaqdır. İnşallah, xeyirlisi olar.

Paralel apara bilərsizmi: “Kopenhagen”lə cavab oyunu öncəsi hazırlıq necə idi, indi necədir? Bu iki oyuna "ilk"lik prizmasından yanaşsaq ..

- Mənim üçün müqayisə aparmaq asan deyil. Həmişə ilklərin dadı başqa olur. Daha yaxşı oyun göstərməyə, nəticə göstərməyə çalışmışıq. Ad olaraq Çempionlar Liqasının pley-offu daha həyəcanlı sayıla bilər. Amma bu matçı ondan ayırmazdım. Həyəcan həmişə olur, çempionat matçlarında da. Komanda, klub olaraq böyük təcrübəyə malikik. Sabahkı oyunda hamı istəkli, yaxşı mənada həyəcanlı olacaq. Hərəsinin öz yeri var. Daha çox istək və diqqətlə oyuna hazırlaşırıq.

Frayburq”un artıq liderliyi təmin etməsinin müsbət və mənfi cəhətləri kimi nələri qeyd etmək oalr?

- Necə cavab verəcəyimi bilmirəm. Bəzən komanda vəzifəni yerinə yetirəndə daha rahat oynayır və istədiyi oyunu tam göstərə bilir. Bəzən isə nəticə lazım olanda gərginlik yaşayırlar. Daha çox özümüz haqqında fikirləşirik. Onların nə etmək istədiklərinə zaman ayırsaq, öpzümüz üçün vaxtımız az olar. Sabah hansı heyətlə, sistemlə oynayacaqlarını gözləyəcəyik.

Qara Qarayev, Bədavi Hüseynov və Leandro Andradenin oynamaq ehtimalı var?

- Bədavi oynaya bilməyəcək. Andradenin zədəsi davam edir. Hələ hazır deyil. Zədəsini "yenilədi". Qara komanda ilə məşq etməyib, fərdi hazırlaşır. Sabah “23-lük”də olması bilinəcək. İkisi oynamayacaq, Qara da sual altındadır.

Qarabağ” 9 ildir, avrokuboklarda çıxış edir və heç vaxt qrupun son matçında qələbə qazana bilməyib. Bu uğursuz sindrom əlavə psixoloji gərginlik yaratmır?

- Keçmişə qayıtmaq istəmirik. Qarşımızda “Frayburq”la matç dayanır. Belə hallara önəm vermirəm. Uğursuz seriyamızın olması düşüncəsində deyiləm. Bizi maraqlandıran “frayburq”la sabahkı matçdır. Qarşımızda yaxşə, intizamlı rəqib var. Alman komandasıdır. Bütün fikrimiz bu oyundadır. Ən yaxşı oyunlarımızdan birini keçirmək istəyirik.

Elvin