"Millinin əsas problemi ilə bağlı öz fikirlərim var, gərək, Rəşad Sadıqov kimi danışım, o da düzgün deyil"
Futbol üzrə Azərbaycan milli komandasının keçmiş kapitanı, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov MediaSport.az saytına müsahibə verib.
Mütəxəssis geridə qalan mövsümdən, qarşıdakı planlardan və yığma komandadan danışıb.
Mövsüm başa çatan kimi futbolçuların çoxu ilə yolları ayırdız. Narazı qaldığınız üçün belə qərar verdiz?
- Futbolda çox nadir hallarda olur ki, hansısa məşqçi və ya futbolçu bir komandada uzun illər çıxış edir. Yerdəyişmələr bəzən xeyirli, faydalı olur. İstər məşqçi, istərsə də futbolçu sarıdan belədir. Biz çoxsaylı futbolçularla yollarımızı ayırırıqsa, bu, o demək deyil ki, onların çıxışından narazıyıq.Ya da hansısa problemin onlarla bağlı olduğunu düşünürük. Elə futbolçu var ki, daha çox oynamaq istəyir, eləsi var ki, heç oynamayıb və düşünür ki, başqa komandada daha çox oynayar. Bütün futbolçularla qarşılıqlı razılıq əsasında, bir-birimizlə halallaşaraq yollarımızı ayırmışıq. Bu mövsüm "Zirə"də müəyyən dəyişiklik etmək istəyirəm. Görək də, nə dərəcədə alınacaq. Seleksiya çox ağır məsələdir. Çoxsaylı dəyişikliyə getmişik. Bilirik ki, işimiz çox çətindir. Amma çalışacağıq ki, öhdəsindən gələk.
Aparıcı futbolçunuz Hamidu Keyta da komandadan getdi, onu "Qarabağ" istədiyi üçün razılaşdız?
- Mənim razılığımla olan məsələ deyildi. Hamidu Keytanın gedişinə razı olmazdım. Onun müqaviləsi bitmişdi, çoxsaylı təklifləri var idi. İstər bizim çempionatdan, istərsə də, başqa ölkə klublarından. Belə olan halda, rəqabətdə məcbur idik geri çəkilək, uğurlar arzulayaraq. Onun da seçimi "Qarabağ" oldu. Düşünürəm ki, orada karyerasını daha da inkişaf etdirəcək, daha yaxşı çıxış edəcək.
Yeni mövsüm üçün neçə transfer etmək istəyirsiz?
- Gedənlərin sayı qədər olmasa da, ən azından 7-8 transfer etməyi planlaşdırırıq. Müəyyən razılıq əldə etdiyimiz futbolçular var. Rəsmi şəkildə də, onları açıqlayacağıq. Bu yöndə ciddi rejimdə iş gedir. Asan olmayacaq, əlimizdən gələni edəcəyik ki, yaxşı komanda formalaşdıraq.
Komandanın məqsədi nə olacaq, hansı yerlər uğrunda mübarizə aparacaq?
- Ən azından avrokuboklar uğrunda mübarizə aparacaq komanda formalaşdıracağıq. Rəhbərlik və mən ambissiyalı insanlarıq. Yeni mövsüm uğurlu nəticə qazanmaq istəyirik, üçüncülük, ikincilik, titul, kubok qazanmaq niyyətindəyik. Çempionluq uğrunda mübarizə aparmağa gəldikdə, "Qarabağ"ın özündən çox şey asılıdır. Onlar əgər optimal formadadırsa, çempionluq uğrunda rəqabət aparmaq çətindir. Təbii ki, çempionluq uğrunda rəqabəti "Sabah" və "Neftçi" komandaları aparacaqlar. Biz, "Qəbələ", "Turan Tovuz", "Səbail" daha çox üçlük, titul qazanmaq uğrunda mübarizə aparacağıq.
Qarşıdakı müddət istədiyiniz heyəti formalaşdırmağa kifayət edəcək?
- Riskli qərar idi, bilirəm. Risk etmişəm və hansı yükün altına girdiyimi mən də bilirəm. Sadəcə, buna ehtiyac olduğunu görürdüm. Müəyyən dəyişikliklərə gedilməliydi və bunu etməliydim.
"Zirə"də 3 iliniz tamam oldu: həm avrokubok gördüz, həm də kənar qaldız - Necə fikirləşirsiz, geridə qalan üç ildə transfer siyasətində səhvlər oldu?
- Təbii ki. Çempion olsaydıq da, transfer siyasətində yanlışlıq olacaqdı. Sadəcə, nəticə olanda həmin yalnışlıqlar ört-basır olur, gözə görünmür. Nəticə olmadıqda qabarıq şəkildə görünür. Geridə qalan mövsümdə bir çox futbolçuları son anda transfer etmişik. Transferdən anlayan insanlar bilir ki, son anda məcburiyyət zamanı hansı oyunçular cəlb edilir. Yay transfer dönəmində uğursuz olduq. Qışda daha çox istədiyim oyunçular komandaya qoşuldu, nəinki yayda. "Makkabi" ilə oyunlarda bir dəyişikliklə meydana çıxmışdıq. O da Rəhim Sadıqov idi. Güclənə bilmədik. Əsas problemimiz ilin əvvəlindəki seleksiya ilə bağlı yaranan problem idi.
Bir komanda Premyer Liqanı tərk etdi, digəri gəldi. Müsbət addım idi, yoxsa 12 komanda olsaydı, daha rəngarəng alınardı?
- 12 komandaya hələ hazır deyilik. Yüksək liqaya çıxan komandaları ilk növbədə birinci divizionda hazırlamaq, formalaşdırmaq lazımdır, daha sonra Premyer Liqaya buraxmaq olar. Ana məqsədimiz nədir, futbolumuzu, yoxsa birinci liqanı inkişaf etdirmək? Əgər bir ildə birinci diviziondan 4 komanda Premyer Liqaya gələcəksə, aşırı şəkildə çox olacaqdı. İnfrastruktur, meydançalar, birbaşa keyfiyyətə təsir edəcəkdi. 10 etmişik, yavaş-yavaş birinci liqada komandaları formalaşdırmaq lazımdır, ondan sonra yüksək liqaya buraxmaq olar.
Yəqin, milli komandanın Estoniya ilə oyununu da izlədiz. Bu haqda fikirləriniz maraqlıdır.
- Matçı stadiondan izləyirdim. Hamımız millimizdən qələbə gözləyirdik. Biz özümüz bir kənara, məşqçilər heyəti və futbolçular da qələbəyə köklənmişdilər. Amma olmadı. Belə oyunda qələbə olmadıqda bu, artıq uğursuzluqdur. Elə oyunlar var ki, onları evdə udmalısan. Lakin alınmadı.
Vaxtilə millidə sizinlə bərabər oynamış futbolçuların bəziləri komandada, futbolçularda qələbə ruhunun olmadığını düşünür. Siz necə fikirləşirsiz?
- Millimizdə ruh olmadığını demək düzgün deyil. Çünki bəzi oyunlarda həmin ruhu görmüşük. Son dönəmdə formalaşmış yaxşı heyət var. Futbolçular öz klublarında, millinin bir çox oyunlarında yaxşı mübarizə aparıblar. Millidə ruh probleminin olduğunu düşünmürəm. Bir-iki mövqedə problemimiz var. Amma ümumən götürsək, bəlkə də son illərin ən yaxşı heyətidir. Bir çox matçlarda, xüsusilə səfər görüşlərində 90 dəqiqə olmasa da, müəyyən hissələrdə yüksək səviyyədə oynamışıq. Buna ustalıq, bacarıq lazımdır. O bizdə var. Sadəcə olaraq, bunu stabilləşdirib, futbolçulardan tam potensiallarını almaq lazımdır. Estoniya ilə matçda daha yaxşı oynaya bilərdik. Söhbət nəticədən getmir. Mövsümün sonudur, futbolçular yorğun idi, bəlkə də çox köklənmişdilər oyuna, psixoloji cəhətdən hansısa sıxıntı var idi. Kollektivin içində deyiləm deyə, dəqiq fikir səsləndirə bilməyəcəm.
Sizcə, bəs yığmanın əsas problemi nədir?
- Millinin əsas problemi ilə bağlı öz fikirlərim var. Suala Rəşad Sadıqov kimi cavab verə bilməyəcəm deyə, cavablandırmaq istəmirəm. Gərək, Rəşad Sadıqov kimi danışım, o da düzgün deyil. Millinin xüsusilə bu günündə, uğursuz nəticələr zamanı tənqid etmək...Düzləri danışmağa başlasam, tənqidə çevriləcək. Ona görə də danışmamağı daha düzgün hesab edirəm.
Ardıcıl 5 oyun qələbə var idi, sonra seçmə mərhələ başladı və 3 oyuna 1 xal...
- Bilirsiz, qələbədən qələbəyə fərq var. Baxır onu kim üzərində və necə qazanırsan. Mən oynadığım dönəmdə belə, millinin elə məğlubiyyətləri olub ki, onlar mənə daha xoş idi. Çox ümidverici oyunlar olurdu. Futbolçular və komanda böyük potensial ortaya qoyurdu. Sadəcə olaraq, nəticəyə çevirə bilmirdilər. Yoldaşlıq görüşü mənim üçün heç vaxt göstərici, nəticə olmayıb. Yalnız məşqdir. Yaxşı rəqiblərlə 45-70 dəqiqə oynadığımız oyun mənim üçün daha ümidverici idi, nəinki yoldaşlıq görüşlərindəki qələbələr.
Elvin