"Karyeram ərzində iştirak etdiyim ən güclü yarış idi" - Dünya 3-cüsü
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən dünya çempionatında üç bürünc medal qazanan Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Vətənə qayıdıb.
Mediasport.az xəbər verir ki, idmançımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlər, yaxınları, federasiya rəsmiləri və idman ictimaiyyətinin nümayəndələri qarşılayıblar.
Dadaş Dadaşbəyli təəssüratlarını bölüşüb: “Bu, Azərbaycan ağır atletikasında son illər görünməyən uğurdur. Karyeram ərzində iştirak etdiyim ən güclü yarış idi. Oradan da medalsız dönmədim. Başda Gənclər və İdman Nazirliyi olmaqla, Azərbaycan Ağır Atletika Federasiyasına, məşqçilərimizə, bir sözlə, əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Bu, ölkəmiz üçün böyük uğurdur”.
Yarışa çox ciddi hazırlaşdığını bildirən D.Dadaşbəyli bundan sonrakı hədəfi barədə də danışıb: “Turnirə çox ciddi hazırlamışdım, aylarla evə getmirdim, böyük səylə çalışırdım. Məqsədim medal qazanmaq idi. Rəqiblərim də çox güclü idmançılar idi. Buna baxmayaraq, sona qədər mübarizə apardım və medal qazandım. Bundan sonrakı hədəfim olimpiadada iştirak etməkdir. Hansı çəkidə olmağımın fərqi yoxdur. Bunun üçün əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, 109 kq çəki dərəcəsində çıxış edən idmançı birdənqaldırmada 180 kq, təkanlaqaldırmada 223 kq-ı ram edərək hər iki hərəkətdə bürünc medal əldə edib. Toplam 403 kq (180+223) nəticə göstərən Dadaşbəyli dünya çempionatının yekun sıralamasında da 3-cü yeri tutaraq fəxri kürsüyə qalxıb.