Azərbaycan pauerliftinqçiləri Dünya Kubokunda tarixi uğur qazanıb - FOTO
Moskvada pauerliftinqin AWPC/WPC versiyası üzrə Dünya Kuboku yarışı keçirilib.
mediasport.az xəbər verir ki, ölkəmizi təmsil edən Əməkdar və beynəlxalq dərəcəli idman ustası, Dünya və Avropa çempionu, mütləq Dünya çempionu, Dünya və Avropa rekordçusu Zaur Cəfərov (110 kq) növbəti dəfə uğurlu çıxış ilə yadda qalıb.
İdmançımız A/WPC versiyası üzrə “benç press” hərəkətində 262,5 kiloqram nəticə ilə 6-cı dəfə Dünya çempionu adını qazanıb. Z.Cəfərov Azərbaycanın pauerliftinq tarixində ilk dəfə olaraq A/WPC üzrə ən yüksək dərəcə tələbini yerinə yetirərək “elitar idmançı” tituluna yiyələnib.
Yığmanın digər üzvləri Şəmsi Bayramov (110 kq) veteranlar arasında AWPC versiyası üzrə “deadlift” hərəkətində 240 kiloqram nəticə ilə birinci olub. Aqşin İsmayılov (82,5 kq) WPC versiyası üzrə “benç press” hərəkətində 290 kiloqram nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və mütləq Dünya çempionu adına layiq görülüb. Azərbaycan komanda hesabında üçüncü olub.
Birincilikdə Rusiya, Qazaxıstan, Tacikistan, Belarus, Hindistan, Serbiya və digər ölkələrdən 300-ə yaxın idmançı iştirak edib.