Mahir Emreli qırmızı vərəqə almasını bu cür izah etdi

Mahir Emreli qırmızı vərəqə almasını bu cür izah etdi

Azərbaycan millisinin hücumçusu Mahir Emreli UEFA Millətlər Liqası qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakıda Slovakiya ilə matçda qırmızı vərəqə alması haqda paylaşım edib.

Mediasport.az xəbər verir ki, forvard məyusluq hissi keçirdiyini, tənqidləri normal qarşıladığını qeyd edib.

O, bundan sonra daha yaxşı olacağına çalışacağını bildirib:

"Hörmətli azarkeşlər, ilk öncə dəstəyinizə görə təşəkkür edirəm! Hər biriniz içimdə olan vətən, bayraq sevgisini yəqin ki, bilirsiniz. Uşaq yaşlarımdan müxtəlif yaş qruplarında oynamışam və uzun müddətdir ki, milli komandanın üzvüyəm.

Bəzən içimdəki qalib olmaq istəyi həddindən artıq çox olur. Bu istəyi oyunumda hər zaman göstərmək istəmişəm! Bəzən alınır, bəzən isə yox, futbol saniyə oyunudur. Elə olur ki, qol vurmaqdan çox, bəzən qolun qarşısını da almaq lazım olur və nəticə vərəqə ilə sonuclanır. Durum nə qədər əleyhimə görünsə də, inanıram ki, futbol azarkeşləri məni başa düşür.

Təbii ki, tənqid qaçılmazdır və mən sağlam tənqidə hər zaman açığam! Bir də bilirəm ki, uman yerdən küsərlər, ona görə mənə qarşı olan istəyiniz və təzyiqiniz çoxdur. Bu məni qorxutmur, əksinə, sevindirir.

Daha yaxşı olmağa, daha çox məşq etməyə və daha çox inkişaf etməyə məni sövq edir. Ümid edirəm ki, qarşıdakı oyunlarda qollarım ilə sizləri sevindirəcəyəm! Tənqidiniz də, sevginiz də, dəstəyiniz də mənim üçün çox dəyərlidir!"

Xatırladaq ki, Emreli 70-ci dəqiqədə ikinci rəsmi xəbərdarlıqdan sonra meydandan qovulub. Komandamız bundan sonra 2 top buraxaraq məğlub olub - 1:3.