Bakıda voleybol məşqçiləri üçün beynəlxalq kurs start götürüb
Bakıda voleybol məşqçiləri üçün beynəlxalq texniki kurs start götürüb.
Mediasport.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Fondu və Beynəlxalq Voleybol Federasiyasının (FIVB) dəstəyi, Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Voleybol Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə baş tutan Level-3 kursu ölkəmizdə bütün idman növləri arasında ilk dəfədir ki, voleybol idman növündə keçirilir. Noyabrın 15-də start götürən kurs noyabrın 22-dək davam edəcək.
Bu gün keçirilən açılış mərasimində AVF-nin vitse-prezidenti Faiq Qarayev, MOK-un Beynəlxalq proqramlar idarəsinin əməkdaşı Ceyhun Rəhmanov, AVF-nin Beynəlxalq əməkdaşlıq üzrə meneceri Nərgiz İsmayılova, FIVB-nin məşqçi-instruktoru almaniyalı Peter Nonnenbroich və rumıniyalı Dan Girleanu iştirak ediblər.
Tədbirdə çıxış edən Faiq Qarayev iştirakçıları salamlayıb, FIVB-nin təşkil etdiyi layihənin böyük əhəmiyyətə malik olduğunu bildirib. Bu kursların yerli məşqçilərin yetişməsinə və beynəlxalq səviyyəyə yüksəlməsinə mühüm töhfə verəcəyini vurğulayıb. Ölkəmizdə ilk dəfə Level-3 kurslarının təşkil olunduğunu diqqətə çatdıran F.Qarayev bu münasibətlə bütün iştirakçıları təbrik edib və onlara uğurlar arzulayıb.
Ceyhun Rəhmanov çıxış edərək ölkəmizdə müxtəlif idman növləri üzrə mütəmadi olaraq beynəlxalq kursların təşkil olunduğunu bildirib. O, qeyd edib ki, MOK idmanın, eləcə də voleybolun inkişafına xidmət edən beynəlxalq kursların təşkili işini davam etdirəcək.
Sonra kursun təlimçiləri Peter Nonnenbroich və Dan Girleanu çıxış edərək iştirakçıları salamlayıblar. Azərbaycanın idman ölkəsi olduğunu bildirən qonaqlar burada bütün idman növlərinin inkişafına böyük diqqət yetirildiyini vurğulayıblar. Onlar ölkəmizdə voleybol məşqçiləri üçün təşkil olunan bu cür kursların yerli və əcnəbi mütəxəssislərin beynəlxalq səviyyədə inkişafına kömək olacağını qeyd ediblər və iştirakçılara uğurlar arzulayıblar.
Qeyd edək ki, ümumilikdə 14 nəfərin iştirak etdiyi seminarda yerli məşqçilərlə yanaşı, İran və Malayziyadan gələn mütəxəssislər iştirak edirlər. Kursun rəhbəri almaniyalı Peter Nonnenbroich, ikinci təlimçi isə ölkəmizdə bundan əvvəl də qonaq olmuş (2019-cu ildə FIVB Level-2 kursuna rəhbəri etmişdir) rumıniyalı Dan Girleanudur. Seminar nəzəriyyə və təcrübədən ibarət olacaq. Noyabrın 22-də isə imtahan təşkil ediləcək. İmtahanın nəticələrinə uyğun olaraq bu mərhələni uğurla keçəcək mütəxəssislərin adları bəlli olacaq və onlar FIVB-nin ən yüksək sertifikatını əldə edəcəklər.