"Özümü ən yaxşı şahmatçı olaraq sübut etdiyimi deyə bilmərəm"
"Yarış mənim üçün çox çətin keçdi. Sonda qalib olduğuma görə çox xoşbəxtəm".
Mediasport.az xəbər verir ki, bu sözləri qadın şahmatçılar arasında Azərbaycan çempionu olan Ayan Allahverdiyeva mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Gənc şahmatçı Azərbaycan çempionatında iştirak etmək barədə son anda qərar verdiyini bildirib: "Daha yaxşı çıxış edə bilərdim. Lakin tam formada deyildim. Bununla belə, qalib gəlməyi bacardım. Məni məyus edən məqam bütün şahmatçıların yarışda iştirak etməməsi oldu. Buna görə də özümü Azərbaycanın ən yaxşı qadın şahmatçısı olaraq sübut etdiyimi deyə bilmərəm".
Ayan Allahverdiyeva gələcək hədəflərindən də söz açıb: "Aprel ayında Avropa çempionatı keçiriləcək. Məqsədim həmin turnirə maksimum səviyyədə hazırlaşmaqdır. Ən böyük hədəfim isə qrosmeyster adını almaqdır".
Xatırladaq ki, Ayan Allahverdiyeva 7 tura 5,5 xal toplamaqla ölkə çempionu adını qazanıb.
Rəqibindən yarım xal geri qalan Nərmin Abdinova 2-ci, eyni xala malik Səbinə İbrahimova 3-cü, hərəyə 4,5 xal toplayan Ləman Hacıyeva ilə Səbinə Rzalı müvafiq olaraq 4-5-ci yerləri bölüşüblər.