"Olimpiya lisenziyası qazanmağı qarşıma məqsəd qoymuşdum"
"Bu mənim uşaqlıq arzum idi. Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə etdiyim üçün çox sevinirəm. Məşqçimlə birlikdə tarix yazdıq və ilkə imza atdıq”.
Mediasport.az xəbər verir ki, bu sözləri batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Selcan Mahsudova deyib.
Azərbaycanın batut gimnastikası tarixində ilk dəfə olimpiadaya vəsiqə əldə edən idmançımız federasiyanın mətbuat xidmətinə açıqlama verib:
“Bu idman növü ilə məşğul olmağa başladığım gündən etibarən Olimpiya lisenziyası qazanmağı qarşıma məqsəd qoymuşdum. Sevinirəm ki, əziyyətim yerdə qalmadı və arzum həyata keçdi. Ümid edirəm ki, qazandığım nəticə gəncləri də ruhlandıracaq və mən onlara örnək olacağam. Gənclərimizin gələcəkdə bu növ üzrə Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcəklərinə inanıram. Qarşıda məni əvvəlcə Avropa çempionatı gözləyir. Orada medal qazanmaq üçün yüksək şanslarım var. Çox istərdim ki, Olimpiada öncəsi yaxşı nəticə göstərərək bayrağımızı dalğalandırım”.
Qeyd edək ki, Fransada keçiriləcək Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək təşkil olunacaq.