Milli Olimpiya Komitəsində Karamarinovla görüş keçirilib
Milli Olimpiya Komitəsində (MOK) Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinovla görüş keçirilib.
Mediasport.az xəbər verir ki, görüşdə vitse-prezident Çingiz Hüseynzadə Milli Olimpiya Komitəsinin beynəlxalq idman əlaqələrindən danışaraq bu əlaqələrin hər zaman yüksək səviyyədə olduğunu bildirib.
O, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışlarında ölkə rəhbərliyinə Milli Olimpiya Komitəsinin prezidentliyindən gəldiyini xüsusilə vurğuladığını deyib. Daha sonra ölkəmizin I Avropa Oyunlarına və IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi etməsindən danışaraq qeyd edib ki, Azərbaycan bu oyunlarda yeni standartları müəyyənləşdirib.
Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinov Azərbaycana səfərindən məmnun olduğunu və burada özünü doğma evindəki kimi hiss etdiyini bildirib.
Qonaq Azərbaycanda atletikanın inkişafı üçün Avropa Atletika Assosiasiyasının öz dəstəyini əsirgəməyəcəyini deyib. Dobromir Karamarinov Respublika Olimpiya Mərkəzi ilə tanışlığı barəsində də danışaraq ölkədə atletika idman növünün inkişafı üçün daha böyük və müasir mərkəzə ehtiyac duyulduğunu, rəhbərlik etdiyi qurumun bu sahədə yerli federasiyaya lazımi kömək göstərməyə hazır olduğunu vurğulayıb.