Milli komandamız növbəti dəfə biabırçı oyunla məğlub oldu

Milli komandamız növbəti dəfə biabırçı oyunla məğlub oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının qrup mərhələsində son oyununu keçirib.

mediasport.az xəbər verir ki, Ataman Güneyligilin baş məşqçisi olduğu komandamız növbəti dəfə uğursuz çıxış edib.

Voleybolçularımız dünyanın ən zəiflərindən İsveç seçməsinə 1:3 hesabı ilə məğlub olublar. Bununla da yığmamızın pley-offa çıxmaq şansları ipdən asılı vəziyytə düşüb.

Hazırda turnir cədvəlində 6 komanda arasında 5 xalla 4-cü pillədə qərarlaşmış millinin aqibətini bu gün keçiriləcək İsveç - Çexiya oyunu həll edəcək.

Seçməmiz qrupda keçirdiyi 5 görüşün 3 də uduzub (Almaniya, Türkiyə və İsveç), 2 dueldən qalib ayrılıb (Çexiya və Yunanıstan).

Hazırda 4-cü sırada qərarlaşan Çexiyanın da hesabında 5 xal var. Ancaq onların “quru” hesabla məğlubiyyəti yığmamızın növbəti mərhələyə yolunu aça bilər.

Qaydalara görə, xallar bərabər olsa, müvafiq ardıcıllıqla qələbə, set, top fərqi və şəxsi oyunlara baxılır. Çexiyanın bugünkü qarşılaşmada 2:3 hesablı məğlubiyyəti yığmamızın ümidinin üstündən xətt çəkəcəksə, hesabın 0:3 olması komandamızı 1/8 finalda A qrupunun birincisinə rəqib edəcək.

İsveç 3:1 hesabı ilə qalib gəlsə, Azərbaycan və Çexiya millilərinin qələbə və set sayı bərabər olacaq. Belə olan halda vurulan və buraxılan topların fərqi ön plana çıxacaq. Maraqlıdır ki, hazırda hər iki komandanın top fərqi -20-yə bərabərdir. Bu isə o deməkdir ki, Çexiyanın 1:3 hesablı yenilgisi də Ataman Güneyligilin kollektivinə sərf edir. Təbii ki, çexlər bir seti böyük xal fərqi ilə qazanıb, digərlərində kiçik fərqlə uduzmasalar.

Top fərqi də bərabər olarsa, son variant kimi şəxsi oyunlara baxılacaq. Yığmamız qrupun ilk turunda Çexiyanı 3:0 hesabı ilə məğlub etdiyindən, bu baxımdan da üstün durumdadır.

Qeyd edək ki, Çexiya – İsveç oyunu Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.