MOK rəsmiləri Baş Assambleya üçün İstanbula yollanıblar
Oktyabrın 6-7-də Türkiyənin İstanbul şəhərində Avropa Olimpiya Komitəsinin 52-ci Baş Assambleyasının iclası keçiriləcək.
Mediasport.az xəbər verir ki, Türkiyə MOK-un prezidenti Uğur Erdener, AOK-un prezidenti Spiros Kapralos, BOK-un prezidenti Tomas Baxın iştirak edəcəkləri iclasın ilk günündə “Paris–2024” Yay Olimpiya Oyunları, “Milano Kartina-2026” Qış Olimpiya Oyunları müzakirə olunacaq.
Həmçinin AOK-un “Strategiya Gündəliyi 2030” iştirakçılara təqdim olunacaq. Bundan əlavə, AOK Təşkilat Komitəsinin və BOK Təşkilat Komitəsinin hesabatları dinləniləcək.
Daha sonra 12-ci Pyotr Nurovski “Ən yaxşı avropalı gənc atlet” mükafatının və Avropa Olimpiya Komitəsinin Olimpiya Çələngi mükafatlandırılma mərasimi keçiriləcək.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın açılış nitqi ilə başlayacaq Assambleyanın ikinci günündə 3-cü Avropa Oyunları - “Krakov & Malopolska 2023”, məlumat və media, Avropa federasiyalarının və MOK-larının təcrübələri və gələcək tövsiyələri, qarşıdan gələn “Paris-2024” Yay Olimpiya Oyunları, Olimpiya Qaçqınlar Fondu, Olimpiya və Paralimpiya sponsorları, tibb və antidopinq kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq.
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Baş katib Azər Əliyev, Xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov da AOK-un 52–ci Baş Assambleyasının iclasında iştirak edəcəklər.
Baş Assambleyanın iştirakçılarına AOK-un prezidenti Spiros Kapralos, AOK-un Baş katibi Rafael Paqnozi tərəfindən hesabatlar da təqdim olunacaq.
AOK-un 2022-ci il maliyyə hesabatı, 2024-cü ilin büdcəsi, xarici auditorların təyinatı və AOK komissiyalarının hesabatları da iclasın gündəliyinə salınıb.