Olimpiya Təsnifat turniri: Ölkəmizi bu güləşçilər təmsil edəcəklər
Milli Gimnastika Arenasında keçiriləcək güləş üzrə Olimpiya Təsnifat turnirində Azərbaycanı 14 güləşçi təmsil edəcək.
Mediasport.az xəbər verir ki, aprelin 5-dən 7-dək davam edəcək yarışda hər çəkidə 2 güləşçi "Paris-2024"ə vəsiqə qazanacaq.
Aprelin 5-də yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Millinin 4 üzvü – Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) ilk yarış günündə olimpiadaya lisenziya qazanmağa çalışacaq.
Növbəti gün qadın güləşi üzrə millinin 5 üzvü xalça üzərinə çıxacaq. Mariya Stadnik (50 kq), Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) ölkəmizi bu növdə təmsil edəcək.
Son yarış günündə estafet sərbəst güləşçilərə keçəcək. 5 pəhləvanımız - Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq) və Georgi Meşvildişvili (125 kq) döyüşə atılacaq.