Paris-2024: Azərbaycanın 3 idmançısı mübarizəyə başlayır

 Paris-2024: Azərbaycanın 3 idmançısı mübarizəyə başlayır

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın 3 paralimpiyaçısı mübarizəyə start verəcək.

Mediasport.az xəbər verir ki, parataekvondoçu Sabir Zeynalov (58 kq) K44 kateqoriyası üzrə təsnifat mərhələsində yarışacaq.

Bu mərhələnin görüşləri Bakı vaxtı ilə 12:00-16:30-da keçiriləcək. Parataekvondo yarışlarının finalı Bakı vaxtı ilə 19:00-23:30-da baş tutacaq.

Paraüzgüçülük yarışlarında Könül Süleymanova (S2 kateqoriyası, 100 metr məsafəyə arxasıüstə üzmə) mübarizə aparacaq.

Yarışın təsnifat mərhələsi Bakı vaxtı ilə 12:26-da, final 20:10-da başlanacaq.

Parakamandan oxatmada isə Cahan Musayev bacarığını göstərəcək.

Yarışın təsnifat mərhələsi Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Xatırladaq ki, ölkəmiz turnirdə 7 növdə 18 idmançı ilə təmsil olunacaq.

Parataekvondoçular Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq), Əbülfəz Abuzərli (80 kq), paraüzgüçülər Könül Süleymanova, Raman Saley, Vəli İsrafilov, paracüdoçular Dürsədəf Kərimova (+70 kq), Xatirə İsmiyeva (+70 kq), İlham Zəkiyev (+90 kq), paraatletlər Rüfət Rəfiyev, Oloxan Musayev (hər ikisi nüvə itələmə), Səid Nəcəfzadə, Orxan Aslanov (hər ikisi uzunluğa tullanma), Lamiyə Vəliyeva (100 və 400 metr məsafəyə qaçış), paraatıcılar Kamran Zeynalov, Aybəniz Babayeva, parakamandan oxatmada mübarizə aparan Cahan Musayev və parapauerliftinqçi Ceyhun Mahmudovdur (54 kq) medallar uğrunda yarışacaq.

Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.