Ümumdünya Şahmat Olimpiadası: Millilərimiz Qazaxıstanla qarşılaşır
Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.
Mediasport.az xəbər verir ki, yarışda bu gün 7-ci turun görüşləri keçiriləcək.
Azərbaycanın kişilərdən və qadınlardan ibarət milli komandalarının rəqibi Qazaxıstan seçmələri olacaq.
Xatırladaq ki, kişilərdən ibarət komandamız 8 xalla 22-ci pillədə qərarlaşıb.
Yığmamız Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5) və Moldovanı (3:1) məğlub edib, Hindistan (1:3) və Litvaya (1,5:2,5) uduzub.
Kişilərin yarışında Hindistan 12 xalla liderdir, Çin və Vyetnamın hərəyə 11 xalı var.
Qadın komandamız 6 turdan sonra 10 xal toplayıb və 10-cu yerdədir.
Milli daha öncə Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1) və Vyetnamdan (2,5:1,5) üstün olub, Argentina və Ukrayna ilə heç-heçə edib - 2:2.
Qadınların mübarizəsində də Hindistan 12 xalla liderdir, Gürcüstan və Polşa hərəyə 11 xalla 2-3-cü yerləri bölüşür.
Xatırladaq ki, kişi komandamızı Teymur Rəcəbovun kapitanlığında Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı, Mixail Şereşevskinin kapitanı olduğu qadın millimizi isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova təmsil edir.