"Prezident Kuboku"nun püşkü atılıb
Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçiriləcək çövkən üzrə "Prezident Kuboku"nun püşkatma mərasimi baş tutub.
Mediasport.az xəbər verir ki, "Sərhədçi" İdman Olimpiya Mərkəzində baş tutan tədbirdə iştirakçı komandaların rəsmiləri və media nümayəndələri iştirak ediblər.
Püşkün nəticəsinə əsasən, səkkiz komanda hərəsində dörd olmaqla iki qrupa bölünüb.
A qrupunda "Sərhədçi-Qarabağ", "Polad", "Köhlən" və "Şirvan" klubları, B qrupunda isə "Sərhədçi-Dilbaz", "Omar", "Zəfər" və "Embawood" kollektivləri mübarizə aparacaqlar.
Qrup oyunlarının nəticələrinə əsasən, ilk iki pilləni tutan komandalar yarımfinala yüksələcəklər. Prezident Kubokunda yalnız milli cins atlar yarışacaqlar.
Yarışa sabah saat 10:00-da start veriləcək. İlk oyun saat 10:00-da, növbəti iki qarşılaşma müvafiq olaraq, 11:00 və 12:00-da başlanacaq.
Saat 15:00-da isə yarışın təntənəli açılış mərasimi təşkil olunacaq.