"Qızlarımız Avropada bir daha özlərini sübut etdilər" - Milli komandamızın baş məşqçisi
"Bir ildir ki, ciddi hazırlıq keçirik. Rəqibləri təhlil edib, araşdırmışdıq. İkinci dəfə kuboku qazanmaq qürurvericidir".
Mediasport.az xəbər verir ki, bu fikirlər 16 yaşadək qızlardan ibarət basketbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Evren Alkayaya məxsusdur.
Türkiyəli mütəxəssis komandamızın Avropa çempionatının C divizionunda əldə etdiyi çempionluğu şərh edib:
"Komandanın gücünə bələd idik. Qızlarımız Avropada bir daha özlərini sübut etdilər. Basketbolçular onlara bəslənən ümidləri doğrultdular. Finaldakı rəqibimizə qrupda qalib gəlmişdik. Amma bu bizi arxayınlaşdırmırdı. Sonadək diqqətli oynayıb qələbə qazandıq. Bundan sonra da Azərbaycanda qadın basketbolunun inkişafı üçün əlimizdən edəcəyik".
Xatırladaq ki, Azərbaycan yığması finalda Kiprə 69:52 hesabı ilə qalib gəlib.