Qurban Qurbanov haqqında tammetrajlı film çəkilir
2022-ci il aprelin 13-də prezident İlham Əliyev tərəfindən Azərbaycan futbolunun inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni təltif edilən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov haqqında film çəkilir.
Bu barədə Mediasport.az saytına maraqlı informasiya daxil olub. Məlumata görə, tammetrajlı ekran əsəri Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Gənclər və İdman Nazirliyininin birgə layihəsi əsasında hazırlanır.
Filmdə 51 yaşlı mütəxəssisin uşaqlıq illərindən bu günə qədər keçdiyi həyat yolu, uğurları yer alacaq. Çəkilişlərin çox hissəsinə artıq başlanılıb.
Azərbaycanın ən uğurlu futbol məşqçisininin anadan olduğu, doğulub boya-başa çatıdığı və futbolçu kimi ilk addımlarını atdığı doğma Zaqatala rayonunun Aşağı Tala kəndindəki stadiona filmdə geniş yer veriləcək.
Qeyd edək ki, Qurban Qurbanov peşəkar futbolçu karyerasına Zaqatalanın "Daşqın" komandasında başlayıb. O, 1990/1991 və 1992/1993-cü illər mövsümündə bu komandada ümumilikdə 102 oyun keçirib, 47 qol vurub.
P.S. Aşağıdakı şəkil Qurban Qurbanovun futbolçu kimi ilk addımlarını atdığı Zaqatala rayonununun Aşağı Tala kənd stadionudur.