"Rəqiblərimiz güclüdür, amma biz də mübarizə aparmağa hazırıq”
“Mayın 1-dən hazırlıqlara başlamışıq, vaxtımız az olsa da, əlimizdən gələni etməyə çalışırıq”.
Mediasport.az xəbər verir ki, bu sözləri kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Fərid Cəlalov deyib.
Komandamızın Qızıl Avropa Liqasına hazırlığı barədə jurnalistlərə məlumat verən gənc mütəxəssis bildirib ki, təlim-məşq toplanışının əsas məqsədi oyunçuları formada saxlamaqdır:
“Onları fiziki olaraq çox yükləməyəcəyik. Qarşıda bizi 6 oyun gözləyir. Həmin görüşlərə fiziki və texniki baxımdan hazırlıqlı çıxmaq istəyirik. Komandamız demək olar ki, gənclərdən ibarətdir. Ötənilki kollektivdən artıq 7-8 voleybolçu öz karyeralarını bitiriblər. Bəziləri məşqçi, bəziləri isə digər sahələrdə özlərini sınamaq qərarına gəldilər. Ona görə bu dəfə Azərbaycan klublarında oynayan gənclərə üstünlük verdik. Komandada 4-5 təcrübəli voleybolçu saxlamışıq".
Baş məşqçi yığmamızın turnirdəki şanslarını dəyərləndirib: “Bu vaxta kimi Gümüş Avropa Liqasında bacarığımızı nümayiş etdirmişik. Lakin bu dəfə daha reytinqli yarışda gücümüzü sınayacağıq. Buradakı komandaların səviyyəsi daha yüksəkdir. Rəqiblərimiz də olduqca güclüdür. Amma biz də mübarizə aparmağa hazırıq”.
Qeyd edək ki, voleybolçularımız mübarizəyə mayın 17-də start verəcək.
17-19 may tarixlərində Azərbaycanda baş tutacaq ilk turda millimizin rəqibləri Rumıniya və Ukrayna yığmaları olacaqlar.
Mayın 24-dən 26-dək Belçikada keçiriləcək ikinci turda komandamız meydan sahibi və Şimali Makedoniya yığması ilə üz-üzə gələcək.
Üçüncü tur isə 31 may-2 iyun tarixlərində Estoniyada baş tutacaq. Burada millimiz ev sahibi komanda və Lüksemburqla qarşılaşacaq.